"Azərbaycan münaqişələrin aradan qaldırılması üçün toplanan məkana çevrilib"


Siyasət 26 Okt 2018 13:57:00 299 0

"Azərbaycan münaqişələrin aradan qaldırılması üçün toplanan məkana çevrilib"

Bakı Humanitar Forumunda səslənən fikirlərdən belə başa düşülür ki, forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev əlavə edib ki, Bakı Humanitar Forumu ilk dəfə Azərbaycan və Rusiya Prezidenlərinin birgə təşəbbüsü ilə keçirilib: "Bu təşəbbüs artıq bütün hüdudları keçərək beynəlxalq tədbir statusu alıb. Bu təşəbbüs çox mötəbər təşkilatlar tərəfindən dəstəklənir. Bu gün bu tədbirdə bir çox beynəlxalq təşkilatlar fəal şəkildə iştirak etdilər. Biz onlara verdikləri dəstəyə görə təşəkkür edirik".

Ə.Qarayev deyib ki, Bakı prosesi qarşımızda duran hədəflərə doğru atılan addımdır: "Bakı prosesinin uğurlu olması rəqəmlərdən də görünə bilər. Forumda 170-a yaxın ölkə də iştirak edib. Bu, onu göstərir ki, Azərbaycan münaqişələrin aradan qaldırılması üçün toplanan məkana çevrilib".

Ə.Qarayev deyib ki, forumun materialları çap olunacaq.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.