"Mədəniyyətlərarası dialoqda iştirak etməyən insanları da bu prosesə cəlb etmək lazımdır"
Siyasət 26 Okt 2018 12:25:35 267 0
Bizim bugünkü dünyaya birlik lazımdır. Bunun üçün səylər birləşdirilməli, beynəlxalq təşkilatlar bu işə səfərbər olmalıdır.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktor müavini Rocio Kervera VI Beynəlxalq Humanitar Forum çərçivəsində "Bakı prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib:
"Mədəniyyətlərarası dialoqun inkişafı üçün biz hansı strategiyaya üstünlük verməli olduğumuzu bilməliyik. Çünki yalnız bu strategiya hesabına mədəniyyətlərarası dialoqa töhfə verilə bilər".
R.Kervera hesab edir ki, mədəniyyətlərarası dialoqda iştirak etməyən insanları da bu prosesə cəlb etmək lazımdır.
Azərbaycanın Şimal-Cənub Mərkəzinin üzvü olduğunu söyləyən R.Kervera bu qurumun vətəndaşlar üçün mədəniyyətlərarası dialoqun aparılmasına töhfə verdiyini söyləyib:
"Biz necə etməliyik ki, bir-birimizi başa düşək? Bəzi nəzəriyyələr təcrübə mübadiləsinin aparılması ilə bağlıdır. Fərdi tədbirlər keçirməklə dəyişiklik yaratmaq olar və dialoqların aparılması risklərini aradan qaldırmaq olar. Çünki hər bir fərd yalnız özü bilir ki, o, necə davranışa üstünlük verir və verəcək".
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.