Maksim Medvedev: "Bunu edə bilmirik"


İdman 26 Okt 2018 10:02:00 266 0

Maksim Medvedev: "Bunu edə bilmirik"

"Bu oyun bizim üçün heç də asan olmadı. Ukrayna futboluna bələdik. Fiziki və atletik bir oyun sərgiləyirlər. Sadəcə, yaxşı nəticə qazanmağa çalışdıq, lakin alınmadı. Hücumlarımızdan istifadə edə bilmədik. Qol imkanlarımız da oldu. Rəqib bir dəfə əks hücuma çıxdı və öz şansından istifadə edərək bizə qalib gəldi. Görüşün gedişatında çoxlu səhvlər etdik. Matçı analiz edib, həmin səhvləri təkrarlamamalıyıq. Növbəti oyunlara hazırlaşmalıyıq".

Goal.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin III turunda evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

Müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandada sanki bir az psixoloji gərginlik var idi...

- İlk növbədə onu demək istəyirəm ki, "Qarabağ"ın heyətində milli komandalarda çıxış edən futbolçular var. Biz yığmadan dönmüşük və bir az yorğunuq. Amma komandada legionerlər də var. Baş məşqçimiz də bu gün fərqli start heyəti meydana buraxdı. Qıraqdan bəzi şeylər başqa cür görünə bilər. Oyuna yaxşı hazırlaşmışıqdıq və motivasiyamız da yüksək idi. Sadəcə, bugünkü matçda son nöqtəni qoya bilmədik.

- Rəqibin bu cür müdafiə olunacağını gözləyirdiniz?

- Oyunun statistikasına baxsaq, bəlkə də topla oynama faizlə 65-in 35-ə bizim xeyrimizə olardı. Komandada psixoloji problem olsaydı, bunu edə bilməzdik. Sadəcə, son məqamda, son nöqtəni qoya bilmədik.

- Son nöqtəni qoymaq üçün futbolçularda təcrübə çatmadı?

- Hər oyun belə problemlərlə rastlaşırıq. Komandada soyuqqanlılıq da çatmadı. Hansısa futbolçu oyunu öhdəliyinə götürsün və hər şeyi etsin. Bunu edə bilmirik.

- Komanda qol vurmaqda çətinlik çəkir. Bunu necə qiymətləndirirsiniz?

- Mən deyə bilmərəm ki, hücumda kimsə qol vura bilmir. Ukrayna komandasının bir şansı oldu və qol vurdu. Biz isə 6-7 şans yaratdıq, amma qapıya normal zərbə endirə bilmədik. Ola bilər ki, hansısa məqamda ustalıq çatmır, bəlkə də tələsirik. Futbolçuların üzərində təzyiq var. Ona görə oyunları istədikləri kimi alınmır.