Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb


Digərləri 25 Okt 2018 22:33:00 254 0

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

Moskvada Azərbaycan və Rusiyanın tanınmış müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsi anılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Müslüm Maqomayevin vəfatının 10-cu ildönümündə müğənninin yaxınları və dostları, yaradıcılığının pərəstişkarları onun Moskvadakı abidəsinin ətrafına toplaşıblar.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya musiqiçinin xatirəsini anmağa gələnlərə minnətdarlığını bildirib. O qeyd edib ki, Müslüm Maqomayevin xatirəsinin yaşadılması onu hər zaman yaşadacaq. T.Sinyavskaya xatırladıb ki, Maqomayevin adı Azərbaycanda sərnişin gəmisinə verilib, Rusiyada isə "Aeroflot" təyyarələrdən birini onun şərəfinə adlandırılıb. T.Sinyavskaya deyib: "Maqomayevin xatirəsi buraya toplaşanların da, burada olmayanların da qəlbində yaşayır. Yaşamaq üçün bu özünəməxsus stimulun mənası ondan ibarətdir ki, bu xatirəni təkcə öz qəlbimizdə deyil, həm də onu sevənlərin və xatırlayanların və ümidvaram ki, hələ bundan sonra da sevəcək insanların qəlbində yaşadaq".

Anma mərasimində "Crocus Group" şirkətinin prezidenti, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, rəssam Aleksandr Şilov, "Gelikon-opera" teatrının baş direktoru və bədii rəhbəri Dmitri Bertman, Gürcüstanın və Rusiyanın opera müğənnisi, SSRİ Xalq artisti Makvala Kasraşvili, M.Maqomayev adına V beynəlxalq musiqi müsabiqəsinin qalibi Elmira Qaraxanova və digərləri çıxış ediblər.


Xəbərə aid fotolar