Zirehini soyunub döyüşən şəhid. Kərbəladan səhnələr


Digərləri 25 Okt 2018 21:45:00 324 0

Zirehini soyunub döyüşən şəhid. Kərbəladan səhnələr

Müslim ibn Əqil Kufədə beyət toplayarkən, öz fəaliyyətinin nəticələri barədə İmam Hüseynə (ə) məktub yazıb, Kufənin adlı-sanlı şəxslərindən sayılan Abis ibn Əbi Şəbib Şakiri Həmdani və Şövzəb vasitəsilə o həzrətə göndərmişdi. Məktubu İmama təhvil verəndən sonra onlar İmamın xidmətində qaldılar, Məkkədən Kərbəla səhrasına kimi Onu müşayiət etdilər.

Son.az islam.az-a istinadən bildirir ki, Abis bütün Ərəbistanda öz şücaəti ilə ad qazanmışdı. Şövzəb isə Bəni-Şakir qəbiləsindən bir nəfərin nökəri idi. Amma bəzi tarixçilər Abisi Şövzəbin nökəri kimi göstərmişlər. Hər halda Şövzəb ahıl yaşlı, hədsiz savadlı və imanlı bir adam idi, Həzrət Əlinin (ə) səhabələrindən olmuşdu. Şövzəb hədis hafizi kimi məşhur idi, Kufədə hədis məclisləri təşkil edirdi.

Aşura günü Şövzəb döyüş meydanına girib, düşmənin xeyli əsgərini qətlə yetirdi və şəhid oldu. Sonra Abis İmam Hüseyndən (ə) rüsxət alıb döyüşə getdi. Ömər ibn Sədin qoşunundan bir nəfər Abisi görən kimi haray saldı: "Ehtiyatlı olun, bu, döyüş meydanlarının aslanı Abisdir! Onun qarşısına çıxan şəxs əlindən salamat qurtarmaz".

Abis uzun müddət düşmənin qarşısında at oynadıb rəqib tələb etdi, lakin qarşısına çıxan olmadı. Axırda Ömər ibn Səd öz əsgərlərinə əmr etdi ki, Abisi uzaqdan daşa tutsunlar. Abis düşmənin xəyanətini görəndə nəinki qorxmadı, əksinə, əynindən zirehini, başından dəbilqəsini çıxarıb kənara tulladı və atını sel kimi qaynayan düşmən ordusunun içinə sürdü. Müşahidəçilər rəvayət edirlər ki, Abis qarşısına çıxan hər kəsi həlak edib, cərgələri eninə-uzununa yararaq keçirdi. Döyüş cəbhəsində hansı səmtə üz tuturdusa, ən azı 200 nəfər ardınca qaçıb, onu təqib edirdi. Nəhayət, Abis aldığı ağır yaralardan zəifləyib yıxıldı. Düşmən əsgərləri onu zərbələrə qərq edib, başını kəsdilər.