Səudiyyə Ərəbistanının yoxa çıxan şahzadələri


Dünya 25 Okt 2018 21:17:00 261 0

Səudiyyə Ərəbistanının yoxa çıxan şahzadələri

Son illərdə Səudiyyənin Avropada yaşayan 3 şahzadəsi yoxa çıxıb. Hər üçünün Səudiyyə hökümətinə münasibəti tənqidi olub və hər üçünün oğurlanıb Səudiyyəyə aparıldıqları barədə dəlillər var...və bundan sonra onlardan bir xəbər olmayıb.

2003-cü ilin iyunun 12-də səhər tezdən Səudiyyə şahzadəsi Sultan bin Turki bin Əbduləziz avtomobildə, əmisi, mərhum kral Fəhdə mənsub olan və Cenevrə ətrafında yerləşən saraya gətirilib.

Kralın sevimli oğlu, şahzadə Əbduləziz bin Fəhd, Sultanı saraya səhər yeməyinə dəvət etmişdi.

Əbduləziz, Sultandan Səudiyyəyə qayıtmağı xahiş edir. Onun sözlərinə görə, orada sultanın tənqidi çıxışları ilə bağlı Səudiyyə rəhbərliyi ilə münasibətində əmələ gəlmiş gərginlik öz həllini tapmalı idi.

Sultan bu təklifdən imtina etdikdə isə, Əbdulaziz telefon zəngi etmək üçün otaqdan çıxır. Otaqdakı digər bir şəxs, Səudiyyənin İslami münasibətlər naziri, şeyx Saleh əl-Şeyx də eyni hərəkəti edir.

Bir neçə saniyədən sonra isə həmin otağa maskalı adamlar daxil olaraq, Sultanı döyüb əlini qandallayır və boğazına iynə vururlar.

Huşsuz vəziyyətdə Sultan, Cenevrə aeroportuna gətirilir və orada gözləyən təcili tibbi yardım təyyarəsinə yerləşdirilir.

Hər halda, illər keçəndən sonra Sultanın İsveçrə məhkəməsinə verdiyi ifadələrdə hadisə belə təsvir olunub.

Sultanın Cenevrə otelinə geri qayıdacağını gözləyən ətrafı arasında isə onun kommunikasiya katibi Eddie Ferreira olub.

"Biz təhlükəsizlik komandası ilə əlaqə yarada bilmirdik. Biz şahzadə ilə əlaqə yaratmağa cəhd etdik, lakin o, cavab vermirdi", - Eddie Ferreira xatırlayır.

Günorta isə oteldə Sultanın qaldığı nömrəyə iki gözlənilməz qonaq gəlir.

"Səudiyyənin İsveçrədəki səfiri və otelin baş meneceri bizə nömrəni boşaltmaq və oteli tərk etmək göstərişi verdilər, - Ferreira deyir. - Şahzadə artıq Ər-Riyadda idi. Bizim qulluğumuza artıq ehtiyac yox idi".

Ailəsi tərəfindən Sultanın bu cür kobudcasına oğurlanmasına səbəb nə ola bilərdi?

Ötən il o, Avropaya tibbi müalicə keçmək üçün gələndən sonra verdiyi müsahibələrdə Səudiyyə hökümətini tənqid etməyə başlamışdı. O, ölkədə insan haqları durumunu pisləmişdi, şahzadələr və rəsmilər səviyyəsində korrupsiya hallarını qeyd edərək ölkədə islahatların keçirilməsinə çağırış etmişdi.

Kral Əbduləziz 1932-cii ildə Səudiyyə Ərəbistanını yaratdığı andan ölkədə mütləq monarxiya bərqərar olub və dissidentlərə qarşı dözümsüzlük nümayiş etdirilib.

Şahzadə Turki bin Bəndər Pakistanın Maliyyə naziri ilə 2003-cü ildə görüşdüyü zaman.

Şahzadə Turki bin Bəndər bir vaxtlar Səudiyyə poilisinin mühüm fiquru olub, kral ailəsinin mühafizəsinə cavabdeh olub.

Lakin vərəsəlik mübahisəsinə görə yaranmış ailədaxili münaqişədən sonra o həbsxanaya düşür. Azadlığa çıxdıqdan sonra isə Parisə uçur və 2012-ci ildən YouTube-da Səudiyyədə islahatlara çağıran videolar yerləşdirməyə başlayır.

Səudiyyəlilərin buna reaksiyası şahzadə Sultanla olduğu kimi oldu. Onlar Turkini dilə tutub, geri qaytarmağa cəhd etdilər.

Daxili İşlər nazirinin müavini Əhməd əl-Səlim, ona telefon açanda, şahzadə telefon söhbətini yazıb internetdə paylaşdı.

Turki videoları 2015-ci ilin iyul ayına qədər dərc etməyə davam etdi.

Lakin sonradan o yoxa çıxdı.

"O, bir-iki aydan bir adətən mənə zəng edərdi, - fəal və bloqer dostu Vail əl-Xələf deyir. - Odur ki, dörd-beş ay ondan səs çıxmayanda, mən şübhələndim. [Sonra] Krallığın yüksək vəzifəli birisindən öyrəndim ki, Turki bin Bəndər onlardadır. Demək, onlar onu tutub oğurlayıblar".

Uzun axtarışdan sonra bir Mərakeş qəzetində Turki barədə xəbərə rast gəldim. Xəbərdə deyilirdi ki, Mərakeşə səfərindən sonra Fransaya yola düşməyə hazırlaşarkən, o həbs olunub və Səudiyyənin xahişi ilə Mərakeş məhkəməsinin qərarı əsasında deportasiya olunub.

Turki bin Bəndərin başına nə iş gəldiyi barədə dəqiq məlumatımız yoxdur, lakin yoxa çıxandan əvvəl o, dostu Vailə yazdığı kitabı verərək, əlyazmaya belə bir məktub də əlavə etmişdi:

"Əzizim Vail, yazdığım bəyanatlar, mən oğurlana və ya öldürülənədək açıqlanmamalıdır. Bilirəm ki, onlar məni öldürəcək və ya oğurlayacaq. Onu da bilirəm ki, onlar necə mənim və Səudiyyə xalqının hüquqlarını pozur".

Şahzadə Səud bin Səif ən-Nəsr

Turki yoxa çıxan dövrdə, kral ailəsinin daha bir üzvü eyni aqibəti yaşayıb - Avropa kazinolarını və bahalı otelləri xoşlayan şahzadə Səud bin Səif ən-Nəsr. O, Səudiyyə kral sülaləsi iyerarxiyasında nisbətən aşağı pillələrdə yer tutan birisi sayılır.

Səud, 2014-ci ildən bəri Səudiyyə monarxiyası barədə tənqidi ruhda yazılmış tvitlər paylaşıb.

O, Misirdə prezident Məhəmməd Morsinin devrilməsini dəstəkləmiş Səudiyyə rəsmilərinin mühakimə olunmasına çağırış etmişdi.

2015-ci ilin sentyabrında Səud bundan da irəliyə getdi.

Anonim Səudiyyə şahzadəsi tərəfindən kral Salmanı devirməyə çağıran iki məktub yazıldıqdan sonra, həmin çağırışı açıq şəkildə dəstəkləyən, kral ailəsi üzvlərindən yalnız Səud oldu.

Bu hərəkət dövlət xəyanətinə bərabər idi və ola bilsin ki, bununla o, özünə hökm oxumuş oldu.

"Mən ölkəni bu məktublarda yazılanları xalq təzyiqinə çevirməyə çağırıram", - Səud öz Twitter səhifəsində yazmışdı.

Bundan sonra onun Twitter hesabına sükut çökdü.

2013-cü ildə Almaniyaya uçmuş digər bir şahzadə dissident - şahzadə Xalid bin Fərhan - hesab edir ki, Səud oğurlanıb.

O güman edir ki, Səud, bir Rusiya-İtaliya şirkətilə işgüzar danışqlar aparmaq üçün Milandan Romaya uçmağa dilə tutulub və yolda oğurlanıb.

"Səudu Romaya çatdırmaq üçün şirkətin özəl təyyarəsi göndərilib. Lakin təyyarə Romada yerə enməyib, əvəzində, Ər-Riyada uçub, - Xalid deyir. - Bu əməliyyatı Səudiyyə kəşfiyyatı qurub".

"İndi şahzadə Səudun taleyi şahzadə Turkinin taleyi ilə eynidir... həbsxana zirzəmisi", - o deyir.

Şahzadə Sultan, kral sülaləsi iyerarxiyasında daha yuxarılarda durduğundan həbsxana ilə ev dustaqlığı arasında var-gəl edib.


Xəbərə aid fotolar