Bakı Beynəlxalq Humanitar Forumunda innovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi keçirilir FOTO


Digərləri 25 Okt 2018 18:54:00 347 0

Bakı Beynəlxalq Humanitar Forumunda innovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi keçirilir  FOTO

Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirak etdiyi bu forum artıq ənənə halını alıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu - bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən keçirilir.

Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır.

Bu mötəbər tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri müxtəlif mövzuları əhatə edən məruzələrlə çıxış edəcəklər.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bundan başqa, Forum günlərində Heydər Əliyev Mərkəzində nazirlik tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon da fəaliyyət göstərir.

Pavilyon "Robopark", "I2B İdeyadan Biznesə", "Startaplar" və "Kommersiyalaşdırılmış layihələr" zonalarından ibarətdir.

Ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur.

Bundan başqa, pavilyonda "İdeyadan Biznesə" layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edir. Həmin layihələr, "Xilaskar qolbaq", "Ağıllı ev" və "Virtual tur" layihələridir.

"Xilaskar qolbaq" insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini təmin edir.

"Ağıllı ev" məişət cihazlarının məsafədən idarə olunmasına, rutin ev işlərinin avtomatlaşdırılmasına hesablanıb.

"Virtual tur" isə onlayn rejimdə turizm obyektlərinin müəyyən edilməsi, bronlaşdırılması üzrə tətbiqdir.

Xaricdə təhsil alan startapçılar da nazirliyin pavilyonunda öz məhsullarını təqdim etmək şansı qazanıb. Belə ki, Estoniyada magistr təhsili alan startapçıların "ZoomX" şirkəti görmə qabiliyyətinin balanslaşdırılmasına xidmət edən eynəklərini nümayiş etdirəcək.

Layihə nəticəsində mobil tətbiqetmə vasitəsilə idarə olunan və istifadəçiyə eynəyin nömrəsini (-6; +3 aralığında) öz görmə qabiliyyətinə uyğun tənzimləməyə imkan verən "ZoomX" dəyişən fokuslu dinamik eynək prototipidir.


Xəbərə aid fotolar