Vüqar Rəhimzadə: "Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır"


Digərləri 25 Okt 2018 17:56:00 269 0

Vüqar Rəhimzadə: "Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır"

"Bu gün ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Problemin həllində vasitəçilik missiyasını öz öhdəsinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirilir, bu görüşlərdə münaqişənin həlli variantları ilə bağlı fikir mübadiləsi aparılır. Minsk qrupu hər zaman problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edir və tərəfləri qarşılıqlı dialoqla razılığa gəlməyə çağırır. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, ölkəmiz bu öhdəliklərə hər zaman sadiqlik nümayiş etdirərək qarşılıqlı dialoqa hazır olduğunu bildirir. Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim yeganə tələbimiz odur ki, problem beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Həmsədr dövlətlərdən olan ayrı-ayrı şəxslərin, təşkilatların zaman-zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqeyi, beynəlxalq hüquqa zidd əməl və hərəkətləri isə qəbuledilməzdir. Bütün bunlar münaqişənin həllinə mənfi təsir göstərməklə yanaşı, həmsədr dövlətlərin bitərəf mövqeyinə kölgə salır."

Son.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzv, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransadan olan bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərini şərh edərkən bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Fransada erməni lobbisinin təsiri altında olan bu cür "qüvvələr" var və onların desturuktiv fəaliyyətləri məqsədli xarakter daşıyır: "Ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan Fransa Senatının keçmiş deputatı Fransua Roşbluanın, Fransanın bir neçə bələdiyyə başçısının işğal edilmiş torpaqlarımıza bu cür səfərlər etmələri beynəlxalq hüququn, eyni zamanda, Azərbaycan qanunlarının kobud şəkildə pozlması deməkdir. Bu "qüvvələr" özlərini necə demokrat adlandıra bilərlər? Onları 1 miyon azərbaycanlı qaşqın və məcburi köçkünün taleyi maraqlandırmır? Bəs, ermənilərin etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, yüzlərlə azərbaycanlı əsirin və girovun taleyi bu demokratiya "carçılarının" nəzərindən niyə qaçıb? Hesab edirəm ki, Fransa hökuməti bu məsələdə öz mövqeyini ortaya qoymalı, separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır. Çünki bu cür biganə yanaşma ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyasına ciddi şəkildə zərbə vurur, onun demokratikliyini sual altına qoyur."