Ekspert: Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır


Digərləri 25 Okt 2018 17:44:00 240 0

Ekspert: Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır

Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır.

Bakı. Samir Əli - Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransadan olan bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərini şərh edərkən bildirib. O qeyd edib ki, bu gün ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirir: "Problemin həllində vasitəçilik missiyasını öz öhdəsinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirilir, bu görüşlərdə münaqişənin həlli variantları ilə bağlı fikir mübadiləsi aparılır. Minsk qrupu hər zaman problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edir və tərəfləri qarşılıqlı dialoqla razılığa gəlməyə çağırır. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, ölkəmiz bu öhdəliklərə hər zaman sadiqlik nümayiş etdirərək qarşılıqlı dialoqa hazır olduğunu bildirir. Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim yeganə tələbimiz odur ki, problem beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Həmsədr dövlətlərdən olan ayrı-ayrı şəxslərin, təşkilatların zaman-zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqeyi, beynəlxalq hüquqa zidd əməl və hərəkətləri isə qəbuledilməzdir. Bütün bunlar münaqişənin həllinə mənfi təsir göstərməklə yanaşı, həmsədr dövlətlərin bitərəf mövqeyinə kölgə salır”.