"Qarabağ"-da hər şey yüksək səviyyədədir - müsahibə


İdman 25 Okt 2018 16:52:00 269 0

"Qarabağ"-da hər şey yüksək səviyyədədir - müsahibə

Qarabağ-ın sabiq qapıçısı Anton Kanibolotski Ukrayna mətbuatına geniş müsahibə verib.

Goal.az xəbər verir ki, həmyerlilərinin avrokuboklardakı şanslarını dəyərləndirən Polşanın Medz klubunun qolkiperi Vorskla-nın Qarabağ-la oyununa da toxunub.

- Ötən mövsüm Qarabağ-da idiniz. Azərbaycanın ən güclü klubunu tərk etməyə sizi nə vadar etdi?

- Bunun səbəbləri var idi. İlk növbədə az oynamaq imkanı əldə edirdim. İkincisi, bir il Azərbaycanda çıxış etdikdən sonra Ukraynaya yaxınlaşmaq istədim.

- Hazırkı komandanız Medz-i maliyyə baxımdan Qarabağ-la müqayisə etmək olar?

- Əlbəttə ki, xeyr. Azərbaycan klubunda bu baxımdan hər şey yüksək səviyyədədir.

- Necə düşünürsüz, yaxın müddətdə Qarabağ-ı öz çempionatında kimsə taxtdan sala bilərmi?

- Möcüzə hər zaman olur. Ancaq inanmıram ki, bu mövsüm nəsə dəyişsin. Qarabağ çempionluğa layiq görünür.

- Bu komandanın gücü nədədir?

- Digər komandalarla müqayisədə daha çox texnikalı oyunçuya malik olmasında. Həmçinin komanda taktiki cəhətdən də çempionatındakı rəqiblərindən savadlıdır.

- Avropa Liqasının qrup mərhələsində bu gün Qarabağ-la qarşılaşacaq Vorskla futbolçularına məsləhətiniz nə olar?

- Azərbaycanlılar evdə çox güclü olurlar. Qarabağ-ın ilk dəqiqələrdən hücum futbolu göstərməsi heç kimə sürpriz olmaz. Poltavalı futbolçular standart vəziyyətlərdən daha yaxşı yararlanmağa çalışmalıdılar. Qarabağ-ın bu komponentdə problemi var. Vorskla-nın Arsenal və Sporting-lə matçlardakı mübarizliyini nəzərə alsaq, ümid edirəm ki, komanda yenə eyni şəkildə çıxış edər.

- Vorskla üçün bu, qrupdan çıxmaq şansını qorumaq baxımından son çarədir...

- Vorskla Qarabağ-ı məğlub edəcək gücdədir. Poltava klubunun individual cəhətdən seçilən oyunçuları var. Onlar qrupun ilk iki görüşündə də yaxşı oynamışdılar. Əgər taktiki cəhətdən düzgün hazırlaşsalar və bütün güclərini ortaya qoysalar, 3 xal qazana bilərlər.

Tərcümə: Matc.az