Bakıda eşşək südü ilə bağlı eyforiyaya cavab


Digərləri 25 Okt 2018 16:04:00 394 0

Bakıda eşşək südü ilə bağlı eyforiyaya cavab

Son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur. Heç bir elmi əsaslara söykənmədən, həmin məhsullardan istifadə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib və məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb. Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Bakıda eşşək ferması yaradılıb, südü satılır - FOTO Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edib və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlayıb. Qeyd olunanlar "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilib.

Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır.