Fuad Axundov: “Suriyali erməni almanları Hitlerdən öyrənməyə çağırır, necə ki, zamanında Njde erməniləri çağırırdı”


Siyasət 25 Okt 2018 14:50:00 260 0

Fuad Axundov: “Suriyali erməni almanları Hitlerdən öyrənməyə çağırır, necə ki, zamanında Njde erməniləri çağırırdı”

Oktybarın 23-də Almaniyanın "Die Tageszeitung" qəzetində Daniel Şultsin "Nəhayət, düşmənin harada olduğunu bilmək" sərlövhəli məqaləsi dərc olunub. Həmin məqalədə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa Suriyadan qaçan erməni Xoviq Esmeryan almanları vətənpərvərliyi Hitlerdən öyrənməyə çağırır.

"Almanlar yenidən Adolf Hitleri dəyərləndirməyə başlayıblar, çünki o lazımi səviyyədə ölkəsini müdafiə edib", - 2015-ci ildə Almaniyanın suriyalı qaçqınlar üçün öz sərhədini bağlamasını şərh edən Esmeryan bildirir. Esmeryan həmin şəxsləri "fanatik müsəlmanlar" adlandırır.

"Hitler? İndi?", - alman jurnalisti suriyalı erməninin nasistlərə olan rəğbətinə təəccüblənir və qeyd edir ki, sonra Esmeryan messencerdə ona yazıb ki, "bunun nə dərəcədə iki mənalı səsləndiyini başa düşür, lakin Hitler məhz vətənpərvər olub və almanlar bunu dəyərləndiriblər".

Son.az bildirir ki, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bu faktı "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində şərh edərkən bildirib ki, Esmeryanın sözləri erməni cəmiyyətinin nəinki Ermənistan daxilində, həm də hüdudlarından kənarda necə güclü nasist ideyaları ilə zəhərləndiyini yalnız təsdiq edir.

"Suriyalı erməninin sözlərinin nəinki məqalənin müəllifi, həm də alman qəzetinin oxucularını necə şok vəziyyətinə saldığını təsəvvür edirəm. Axı hətta ötən əsrin ortalarında İtaliya və Almaniya özlərində nasizm və faşizmi dəf ediblər. Müasir Ermənistan isə bu şəri nəinki aradan qaldırmayıb, əksinə dövlət siyasəti səviyyəsinə qaldırıb. Hitlerin məsləkdaşlarına abidələr ucaldır, onların adlarını küçə və meydanlara verir", - F.Axundov bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Hitlerin erməni məsləkdaşı Qaregin Njdenin abidəsi faşizmə qarşı döyüşən sovet marşalı Baqramyanın monumentindən fərqli olaraq İrəvanın ən görünən yerində ucaldılıb.

F.Axundov xatırladıb ki, Türkiyənin erməni rayonları, Azərbaycanın Dağlıq Qarabağ regionu və Gürcüstanın Borçalı regionunun birləşdirilməsi hesabına Almaniya tərkibində erməni dövləti yaratmaq xahişi ilə Hitlerə müraciət edən Njde, erməni gənclərini dövlət quruculuğunda fürerdən nümunə götürməyə çağırırdı. Bugünkü Ermənistan bu nəzəriyyəyə sədaqət nümayiş edir.

"Njde "Ermənilərin yeni nəslinə sözüm" ("Мое слово к подрастающему поколению армян") adlı proqram məqaləsində gəncləri "Hitler kimi hərəkət etməyə" çağırıb. Budur, gənclər də öyrənib, hətta o dərəcəyə çatıb ki, sadə suriyalı erməni almanların özünə fürerin özünü nümunə gətirə bilir", - sektor müdiri qeyd edib

F.Axundov diqqəti müasir Ermənistanın bütün rəhbərlərinin hərəkətlərinin indiyədək sivil dünyanın baxış və tələblərinin ziddinə getdiyinə yönəldir.

"İnterpol beynəlxalq terrorçu Monte Melkonyanı axtardığı zaman Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İrəvanda onun dəfn mərasiminin önündə gedirdi. Avropa Şurası Azərbaycanin işğal olunmuş torpaqlarını azad etməyə çağırarkən, Ermənistanın ikinci prezidenti Robert Koçaryan ermənilərin və azərbaycanlıların etnik uyğunsuzluğu barədə bəyan edib. Baxmayaraq ki, yüz minlərlə erməni və azərbaycanlı birgə nikahda yaşayır. Bütün beynəlxalq konvensiyalar dinc əhaliyə qarşı təcavüzü qadağan etdiyi zaman, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan lovğalanaraq bildirib ki, Xocalıda azərbaycanlı qoca, qadın və uşaqlara əlləri qalxıb. Bu faciə dünyanın bir çox ölkələri tərəfindən soyqırım faktı kimi tanınır. Daha sonra həmin S.Sarkisyan İrəvanın mərkəzində faşist Qareqin Njdenin abidəsinin açlışı mərasimində şəxsən iştirak edir", - F.Axundov misal olaraq ardıcıllığı qeyd edib.

Eyni zamanda, F.Axundoun rəyinə görə, 100 il ərzində ilk dəfə, görünür Ermənistanın həmin Almaniyadan nümunə alaraq, nasizm, irqçilik və faşizm siyasətindən xilas olmaq şansı var. "Hər halda, Paşinyanın cari ilin may ayında Ermənistan Respublikasının 100 illiyi münasibətilə çıxışında o zamankı tarixi dövrün parlaq fiqurları arasında Qaregin Njdenin adını çəkməməsi ümidverici amildir", - Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi vurğulayıb.