Noyabrdan istilik sistemləri işə salınacaq “Azəristiliktəchizat” qışa hazırdırmı? AÇIQLAMA


Digərləri 25 Okt 2018 14:16:00 287 0

Noyabrdan istilik sistemləri işə salınacaq  “Azəristiliktəchizat” qışa hazırdırmı?  AÇIQLAMA

"Azəristiliktəchizat" ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların 2018-2019-cu illər payız-qış mövsümünə hazırlanması həyata keçirlib.

Son.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

R.Əliyev istilik mövsümünün başlayacağı vaxtı da açıqlayıb:

"İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur.  Builki mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib".

Qurum rəsmisi deyib ki, tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb:

"564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib, 1100 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1210 m2 izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 20710 ədəd siyirtmə və ventil təftiş edilib, onlardan 9750 ədədi əsası və cari təmir olunub, 705 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili İstilik xətlərində 14870 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 12500 m2 dam örtüyü təmir edilmişdir. Bundan başqa 595 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmiş və Na-kationit süzgəclərində 31 ton kationit materialları dəyişdirilib.".