Azərbaycanda qırmızı, yaşıl, göy pambıq da yetişdirilə bilər


Digərləri 25 Okt 2018 07:54:00 279 0

Azərbaycanda qırmızı, yaşıl, göy pambıq da yetişdirilə bilər

Azərbaycanda təcrübə üçün əkilən rəngli pambıqların sortları artırıla bilər.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Toxum Nəzarəti Dövlət Xidmətinin rəhbəri İmran Cümşüdov deyib.

Xidmət rəhbəri bildirib ki, təcrübə üçün Azərbaycanda hələlik iki növ rəngli pambıqlar yetişdirilib: "Bu pambıqlar qonur və açıq qonur rəngdədir. Bu pambığın toxumu Çindən gətirilib. Həmin toxumları hər ölkədə yetişdirmək olmur. Amma Azərbaycanın iqlimi həmin pambıqların yetişdirilməsinə imkan verir. Bu sortlar Çindən bir şirkət tərəfindən alınaraq təqdim olunub. Bu pambıqlar rəngli və orqanik pambıqlardır. Çinli mütəxəssislərin dediyinə görə, hər bir ölkədə bu sortlardan normal məhsul götürmək mümkün deyil. Həmin mütəxəssislər Azərbaycanda müşahidə aparandan sonra burada həmin pambıqdan məhsuldarlıq almağı mümkün hesab ediblər. Çünki Azərbaycandakı torpaq münbitliyi bu sortlardan məhsuldarlıq əldə etməyə imkan verir. Bu məqsədlə də biz bu sortların toxumundan təxminən 1 kiloqramdan az götürdük. Həmin toxumları Tərtər bölgə Təcrübə Təsərrüfatında Regional Aqrar Elm İnformasiya Mərkəzinin əkin sahəsində əkdik. Artıq çox yaxşı nəticələr əldə olunur. Hazırda pambıq yetişmə mərhələsindədir, becərmə işləri yüksək səviyyədə aparıldı. Yığım ərəfəsində pambığın məhsuldarlığı və keyfiyyəti barədə geniş informasiya verəcəyik".

İ.Cümşüdov bildirib ki, orqanik pambığın yetişdirilməsində məqsəd azyaşlılar üçün pambıqdan hazırlanan paltarların kimyəvi boyanmasının qarşısını almaq, uşaqlara təbii rəngli pambıqlardan paltarlar hazırlamaqdır: "Bu sortların Çində yetişdirilməsinin də əsas məqsədi budur. Biz də həmin pambıqları bu məqsədlə yetişdirmək istəyirik".