Energetik içkilərin davamlı qəbulu ona aludəçilik yaradır


Digərləri 24 Okt 2018 23:51:00 282 0

Energetik içkilərin davamlı qəbulu ona aludəçilik yaradır

Energetik içkilər ötən əsrin 80-ci illərin axırı-90-cı illərin əvvəllərində dünya bazarına çıxıb. Bu içkilər son 30 ildə çox geniş yayılıb və demək olar ki, dünyanın yarısı ondan istifadə edir. Çox vaxt həmin içkilərin müsbət təsirləri barədə gənclər və yeniyetmələr arasında cəlbedici reklamlar, təbliğatlar və diskussiyalar aparılır. Mən bir həkim kimi birmənalı olaraq demək istəyirəm ki, bu içkilər olduqca zərərlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev deyib.

Onun dediyinə görə, energetik içki adlansa da, onların heç biri orqanizmə enerji vermir, əksinə, hüceyrələrə nüfuz edərək enerji itkisinə səbəb olur: "Reklamlar vasitəsilə yorğunluğu aradan qaldırdığı, əhval-ruhiyyəni yüksəltdiyi söylənilən energetik içkilərin tərkibində kofein, taurin və digər maddələr var. Bu içkilərin ən təhlükəli yanı isə aludəçilik yaratmasıdır. Bir gündə insan orqanizminin qəbul edə biləcəyi kofeinin miqdarı 400 milliqramdır. Bir banka energetik içkidə 150-200 milliqram kofein var. İki və daha çox banka energetik içki qəbulu normanı aşaraq zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibinə şəkər, saxaroza, qlükoza, dadlandırıcı və ətirli maddələr qatılır. Bu cür maddələrin həddən artıq qəbulu isə mədəaltı vəzdə problemlərə, qaraciyərin piylənməsinə, kökəlməyə, iştahasızlığa aparıb çıxarır. Müəyyən müddətdən sonra şəkərli diabet və insulinə rezistentlik yaranır. Üstəlik yuxu pozuntusu, əsəbilik və tez qıcıqlanma halları da meydana çıxır".