Xanımına tanışlıqdan 20 dəqiqə sonra evlənmə təklif edən millət vəkili Keçmişdəki mən FOTO


Digərləri 24 Okt 2018 23:30:00 262 0

Xanımına tanışlıqdan 20 dəqiqə sonra evlənmə təklif edən millət vəkili  Keçmişdəki mən  FOTO

Aydın Mirzəzadə: "Bir həftə ac qaldım, amma heç kimdən pul istəmədim" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, insanı nə ideallaşdırmaq, nə də onu dəyişməyə, yenidən tərbiyə etməyə çalışmaq lazımdır. Biri ilə uyğunluğunuz varsa, onunla düşünmədən evlənə bilərsiniz. Qalan məsələlər zamanla həll olur. Ona görə, ailə quran şəxslər yalnız evliliyə qədər yox, evlilikdən sonra da bir-birilərinə xoş sözlər deməlidirlər. İndiki gənclərin səhvi ondadır ki, çox qısa zamanda ev, maşın, iş, vəzifə sahibi olmaq istəyirlər.   Hazırda bir povestin, fantastik janrlı romanın və 50-yə yaxın hekayənin müəllifidir. Ancaq heç birini çap etdirməyib, çünki insanın bir sahədə tanınmasının tərəfdarıdır. Düşünür ki, bu gün deputat, politoloq kimi tanınmağı kifayətdir. "Keçmişdəki mən" rubrikasının budəfəki qonağı millət vəkili Aydın Mirzəzadədir.    Ailəmizdə pul qazanmaqdan yox...   Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində 6 uşaqlı, mehriban, sevgi dolu fəhlə ailəsində doğulub. Valideynləri uşaqların hər birinə ali təhsil almaq imkanı yaradıblar. Həm ata, həm ana tərəfdə nəsildə bəy, mülkədar və tacirlərin olmağına baxmayaraq, sadə, təmtəraqdan uzaq həyat tərzi yaşayıblar: "Bizim nəslimizdə kifayət qədər imkanlı, adlı-sanlı insanlar olub. Amma buna baxmayaraq, həmişə sadə həyat yaşamışıq. Mən indi də həmin həyat tərzini davam etdirirəm. Ailəmizdə həmişə pul qazanmaqdan yox, adı təmiz saxlamaqdan, əməksevərlikdən, insanlara yaxşılıq etməkdən, həyatda xeyirxah işlər görməkdən danışılıb. Düşünürəm ki, ailəmizin verdiyi tərbiyənin sonrakı həyatımızda çox köməyi oldu. Bu gün 6 uşaqdan olan 15 nəvənin iki məktəb yaşlı olanından başqa hamısı ali təhsillidir. Hər biri daşıdığı soyadın nüfuzunu qoruyub saxlamağa çalışır".

Evimizdə divar qəzeti hazırlayırdıq    Müsahibimiz uşaqlıq illərindən danışarkən ailəsində olan qəzet ənənəsindən də söhbət açır: "Kitab oxumaq həvəsim həddən artıq çox idi. Evdə kiçik kitabxanamız vardı. Məktəb kitabxanasından başqa, şəhər kitabxanasına yazılıb oradakı kitablarla da tanış olurduq. Atam bizim üçün kiçik yazı lövhəsi düzəltmişdi. Məktəbdən gətirdiyimiz tabaşirlə orada dərslərimizi hazırlayırdıq. Ən maraqlısı da budur ki, biz dərsləri kitabdan yox, bir-birimizdən öyrənirdik. Bizim maraqlı bir ənənəmiz vardı. Evimizdə divar qəzeti buraxırdıq. 60-cı illərin sonu, 70-ci illərin əvvəli idi. Molla Pənah Vaqifin 250 illik yubileyi keçirilirdi. Təbii ki, bizim evdə də buna hazırlıq gedirdi. Vaqifin yaradıcılığına həsr olunmuş divar qəzeti hazırladıq. Kimisi onun şəkillərini tapıb gətirir, kimisi şerlərini qəzetə köçürürdü. Həmin dövrdə eyni zamanda məktəbimizdə də Vaqifin yaradıcılığından bəhs edən siniflərarası divar qəzeti müsabiqəsi keçirilirdi. Müəlliməm bizdə hazır qəzet olduğunu bilib, təklif etdi ki, onu sinfimiz adından təqdim edək. Məktəbdə həmin müsabiqənin qalibi elə bizim qəzetimiz oldu".

Dünyaya ancaq dərs oxumaq üçün gəlmişəm   Məktəb illərindən danışarkən ilk olaraq yadına Xanım müəllimə düşdüyünü deyir: "10 nömrəli orta məktəbdə təhsil almışam. Məktəbimizdə iki rus, bir Azərbaycan sinfi vardı. Bütün tədbirlər rusca keçirilirdi, rus əhval-ruhiyyəsi daha çox duyulurdu. Bu, bir tərəfdən rus dilini və mühitini öyrənməyə kömək edirdi, digər tərəfdən həyatı, özümüzü qorumağı öyrədirdi. Çox yaxşı müəllimlərimiz var idi. İbtidai sinif müəllimim indi də yaşayır. Adı Xanımdır, hər fürsətdə onunla əlaqə saxlayıb, həmsöhbət oluram. Bu, müəllimin çox maraqlı dərs keçmə metodu var idi. Dərsini zəif mənimsəyən uşaqları evinə aparıb, tam təmənnasız olaraq növbəti günün dərslərini hazırlamasına kömək edirdi. Çünki bilirdi ki, həmin uşağı evdə oxudan olmayacaq. Mən həmin dövrün şanslı uşaqlarında idim ki, atam dərslərimə xüsusi qayğı ilə yanaşırdı. 1-ci sinfin yanvarına qədər atam dərslərimə kömək etsə də, daha sonra təkbaşına etməyə başladım. Oxumağı, öyrənməyi çox sevirdim. Mənə elə gəlirdi ki, dünyaya ancaq dərs oxumaq üçün gəlmişəm. Həmin dövrdə yaxşı oxuduğum üçün verilən fəxri fərmanları hələ də saxlayıram. Hətta gündəliklərim də indi şəxsi arxivimdə durur. Azərbaycanda ikinci elə bir insanın olduğuna inanmıram ki, orta məktəb gündəliklərini saxlasın (gülür)".

Kürü üzüb keçmədinsə, kişi sayılmırdın   Yeniyetməlik illərini xatırlayan həmsöhbətimiz Kür çayı ilə bağlı xatirələrini də bizimlə bölüşdü: "Evimiz Mingəçevirdən keçən Kür çayının 100 metrliyində yerləşirdi. Qardaşlarım və qonşularımızla tez-tez balıq tutmağa gedirdik. Mən pis balıqçı deyiləm (gülür). Həmin dövrdə Mingəçevirdə belə bir qayda var idi ki, oğlanlar Kürü üzüb keçmədisə, hələ kişi sayılmırdılar. Ona görə oğlanlar üzməyi öyrənib, Kürü keçməyə çalışırdılar. Yalnız ondan sonra hörmətli olurdular. Balıq tutmağı, çətinliyə düşüb çıxmağı, Kürü keçməyi bilmək, dövrün yaşlılarını müşahidə edib, onlardan nələrisə öyrənmək bizim üçün böyük məktəb idi. Kinorejissor olsaydım, yəqin ki, uşaqlıq xatirələrimdən silsilə filmlər çəkərdim".


Xəbərə aid fotolar