Körpələrin fiziki inkişafı


Digərləri 24 Okt 2018 21:30:00 319 0

Körpələrin fiziki inkişafı

Südəmərlik dövrü uşağın anadan olduğu dəqiqədən bir yaşı tamam olana qədər olan dövrdür. Həyatının ilk dörd həftəsində uşaq yenidoğulmuş sayılır.

Bu dövr üçün boy və çəkinin intensiv artması xarakterikdir.

Dölün yetkinliyi hamiləliyin 38-40-cı həftəsinə uyğun gəlir. Vaxtında doğulmuş uşaq təxminən 3,0 - 3,5 kq çəkiyə və 50-52 sm boya malik olur. Bədən çəkisi 2500-6000 q, boy göstəriciləri isə 47-57 sm arasında tərəddüd edə bilər. Uşaq doğularkən onun çəkisi 4500 q-dan artıq olarsa, anaya gizli şəkərli diabeti aşkar etmək üçün müvafiq yoxlamadan keçməsi məsləhət görülür.

Son.az saglamolun.az-a istinadən bildirir ki, doğulandan sonra ilk 3 gün ərzində uşaq bədən çəkisində 100-300 q itirir. Bu hal bağırsaqların və sidik kisəsinin boşalması və uşağın ac qalması ilə əlaqədardır. 4-5-ci günlərdən başlayaraq uşağın bədən çəkisi artmağa başlayır və doğum evindən evə yazılan zaman ilkin göstəricilərə çatır.

Uşağın normal bədən çəkisini hesablamaq üçün xüsusi formul mövcuddur. 1 ayından 6 ayına qədər uşağın ilkin bədən çəkisinin üzərinə ayların sayını 800-ə vurmaqla alınan nəticəni əlavə etmək lazımdır. Məsələn, uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 2 ayında onun bədən çəkisi 4600 q olmalıdır. 7 ayından 12 ayına qədər olan müddətdə isə ilkin çəki üzərinə 6-ya vurulmuş 800 q və ikinci yarımillikdə ayların sayına vurularaq 400 q əlavə olunur.