"İRNA beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTACla əməkdaşlığa böyük önəm verir" FOTO


Digərləri 24 Okt 2018 19:50:00 277 0

"İRNA beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTACla əməkdaşlığa böyük önəm verir"  FOTO

AZƏRTAC və İRNA arasında əlaqələr həmişə yüksək səviyyədə olub. Bu əlaqələr Azərbaycan ilə İran arasında informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verir.

Bu fikirlər İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşeminin rəhbərliyi ilə VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin oktyabrın 24-də AZƏRTAC-da keçirilən görüşündə səslənib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr ildən-ilə inkişaf edir. İran Azərbaycanın yaxın qonşusu, dost ölkədir.

"Biz İrana aid xəbərlərə böyük həssaslıqla yanaşırıq. Azərbaycan və İran qədim tarixi əlaqələrə, ortaq mədəniyyətə malikdir. Xalqlarımız arasında münasibətlərin dərinləşməsində hər iki ölkənin milli informasiya agentlikləri mühüm rol oynayır", - deyən İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan bütün sahələrdə uğurla, dinamik inkişaf edir, qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Ölkəmizdə mətbuatın inkişafına böyük önəm verilir. Bu gün Azərbaycan dünyaya müxtəlif sahələrdə öz modelini, brendlərini təqdim edir.

Aslan Aslanov AZƏRTAC ilə İRNA-nın beynəlxalq informasiya qurumları çərçivəsində də bir-birini dəstəkləməsinin təqdirəlayiq olduğunu qeyd edib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən İRNA-nın baş direktoru Seyid Ziya Haşemi beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, OANA İcraiyyə Komitəsinin Tehranda keçirilən iclasını, bu iclas çərçivəsində OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşünü xatırladıb, beynəlxalq informasiya qurumları çərçivəsində İRNA-ya verilən dəstəyə görə minnətdarlığını bildirib.


Xəbərə aid fotolar