Hikmət Hacıyev: Con Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafı üçün əlverişli imkanlar yaradır


Digərləri 24 Okt 2018 19:15:00 241 0

Hikmət Hacıyev: Con Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafı üçün əlverişli imkanlar yaradır

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb.

Bakı. Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini necə şərh edərdiniz? - Dövlətimizin başçısı ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu səfər Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır. Görüş əsnasında enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasına verdiyi dəstəyi və töhfəsi təqdir olundu. Həmçinin ölkəmizdə xarici investorlar üçün yaradılmış münbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin və sərmayələrinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu. Dövlətimizin başçısı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi xüsusilə vurğulandı. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alaraq, münaqişənin tezliklə həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün bütün həmsədrlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd olundu. - Görüş çərçivəsində regional məsələlərə dair nə kimi müzakirələr aparıldı? - Görüşdə eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıldı. Regional məsələlərə gəlincə, dövlətimizin başçısı tərəfindən bir daha qeyd olundu ki, Azərbaycanın qonşu dövlətlərlə işgüzar və dostluq münasibətləri var. Bildiyiniz kimi, məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ali prinsipləri rəhbər tutaraq, qonşu dövlətlərlə əlaqələri davamlı surətdə inkişaf etdirir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin