Firdovsi Umudov Olimpiya çempionumuzu millidən uzaqlaşdırır


İdman 24 Okt 2018 16:34:00 275 0

Firdovsi Umudov Olimpiya çempionumuzu millidən uzaqlaşdırır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında sərbəst güləşçilərin yarışına yekun vurulub.

Goal.az

xəbər verir ki, yığmamızın çıxışı və gələcək planlarla bağlı baş məşqçi Firdovsi Umudov AGF-nin saytına videomüsahibə verib.

O, müsahibəsində az medal qazanmalarından danışıb:

“Bu, dünya çempionatıdır. Buraya güclü idmançılar gəlir. İstərdik ki, çox medal qazanaq. Bildiyiniz kimi, dörd çəki dərəcəsində gənclərdən bəzilərinə əsas millidə şans vermişik. Bu da təcrübəsizliyini göstərdi. Onlar özlərinə inanmadılar.

Bundan başqa, Hacı Əliyevin zədəsi vardı. Bir ay məşq etməmişdi. Yalnız həkimlərin qərarından və Hacının öz istəyindən sonra onu dünya çempionatına gətirdik. Onun çəkisini Olimpiadaya görə 65 kq-a qaldırması da məğlubiyyətdə təsirini göstərdi”.

O, millimizin legionerlərinin zəif çıxış etməsindən və bəzi idmançıların cəzalandırıla biləcəyindən danışıb:

“Məni ən çox məyus edən Şərif Şərifov və Aslanbəy Alborovun uduzması oldu. Onlar öz potensiallarını ortaya qoya bilmədilər. Növbəti təlim-məşq toplanışlarında bu iki idmançı haqda ölçü götürüləcək. Əgər onlar verilən şanslardan istifadə edə bilmirsə və fikirləşirlərsə ki, millidə onların əvəzedicisi yoxdur, bu, böyük səhvdir.

Olimpiya və dünya çempionunun belə uduzması (Şərif Şərifov ilk görüşündə iranlı güləşçiyə 0:7 hesabı ilə uduzub – S.M.) məni məyus etdi. Məşq proseslərində onun özünə də iradlarımı bildirirdim. Hər dəfə belim ağrıyır, zədəm var deyirdi. Əgər yorulmusansa, artıq güləşməyi bitirməlisən. Davam etmək istəyirsənsə, verilən tapşırıqları yerinə yetirməlisən.

Georgi Edişeraşvili ilk iki görüşdə yaxşı çıxış etsə də, üçüncü görüşündə zədə alması məğlubiyyətə səbəb oldu. Cəmaləddin Məhəmmədovun isə çiyninə gips qoyulub. Yəqin ki, Bakıya döndükdən sonra əməliyyat olunacaq”.

Daha sonra Firdovsi Umudov Olimpiya çempionumuz Toğrul Əsgərovu nəzərdə tutaraq onun DÇ-yə aparılmamasının səbəbini intizamsızlıqla əlaqələndirib:

“Bizim millidə hamı nizam-intizama fikir verməlidir. Qoy, onun çəkisində zəif güləşçi dünya çempionatına getsin, amma intizama fikir verməyən idmançı bundan dərs götürsün. Bu, 61 kq çəki dərəcəsinə aiddir. Həmin çəkidə gənc Pərviz İbrahimovu sınadıq, yaxşı təsir bağışladı. Nəticə qazanmaq üçün əziyyət çəkməlisən, məşq etməlisən, çempionluq üçün can qoymalısan”.

Qeyd edək ki, kişi sərbəst güləşçilərimizdən yalnız Cəbrayıl Həsənov 79 kq çəki dərəcəsində gümüş medal qazanıb.