Fədayə Laçın: "Qoca" məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi


Digərləri 24 Okt 2018 16:21:00 264 0

Fədayə Laçın: "Qoca" məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib, ötən məhkəmə proseslərində müdafiəçilərin qaldırdıqları vəsatətlər müzakirə olunub. Məhkəmə vəsatətləri təmin etməyib. Daha sonra təqsirləndirilən F.Hacıyevin vəkili Elçin Əliyev növbəti dəfə vəsatət qaldıraraq bildirib ki, bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib. Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildiribər. Vəkil Məhkəmə Xəttşünaslıq Ekspertizasının keçirilməsini istəyib. Məhkəmə həmin vəsatəti də təmin etməyib. Müğənni F.Laçının vəkili Türkel Süleymanlı isə vəsatətlə bildirib ki, "Qoca" ləqəbli Etibar Məmmədov qatardan qaçarkən istifadə etdiyi açar maddi sübut kimi istintaq orqanından tələb olunsun: "İstintaq dövründə həmin açar barədə ekspertiza rəy verməyib. Hətta istəyirəm ki, məhkəmə hadisə yerinə baxış keçirsin". Məsələyə münasibət bildirən F.Laçın deyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi". Məhkəmənın növbəti prosesi oktyabrın 29-na təyin edilib. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.