Məşhur robot Sofiya "ASAN xidmət" mərkəzində könüllü olub VİDEO


Digərləri 24 Okt 2018 12:16:20 428 0

Məşhur robot Sofiya "ASAN xidmət" mərkəzində könüllü olub  VİDEO

Dünyanın tanınmış robotu Sofiya "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. O, mərkəzə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "ASAN xidmət" modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu söyləyib.

Tədbir zamanı KİV nümayəndələrinə məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, Sofiya robotu Azərbaycanda ilk dəfə oktyabrın 22-də İmişli rayonunda "ASAN Həyat" kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub. Şöbə müdiri, həmçinin deyib: "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın "ASAN xidmət" modelindən faydalanmaq tövsiyə olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var. Bütün dünyada tanınmış robot mərkəzimizdə könüllü kimi fəaliyyət göstərib. Sofiya iki gün "ASAN xidmət"in qonağı olacaq. Gələcəkdə Sofiyanın iştirak edəcəyi görüşlərdə və beynəlxalq tədbirlərdə "ASAN xidmət" modelini təbliğ etməsi ilə bağlı danışıqlar aparılır".