"Polad Ələmdar kimi yaşamaq istəmərəm"


Digərləri 24 Okt 2018 08:40:00 275 0

"Polad Ələmdar kimi yaşamaq istəmərəm"

Necati Şaşmaz: "Böyük bir işə imza atdıq, paxıllıqlar normaldır" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Müsahibimiz Türkiyədə olduğu qədər Azərbaycanda da məşhur olan "Qurdlar vadisi" filminin baş qəhrəmanı Polad Ələmdar, yəni Necati Şaşmazdır. Necati Şaşmaz həyatda filmdə yaratdığı obraz kimi ciddi, təmkinli və soyuqqanlıdır. Aktyor 1971-ci ildə Türkiyənin Əlazığ bölgəsində dünyaya göz açıb. Altı il Amerikada yaşayan aktyor orada baş verən 2001-ci il hadisələrindən sonra bir daha Amerikaya geri qayıtmayıb". Qurdlar vadisi" filminin həyatını tamamilə dəyişdiyini vurğulayan aktyorun dediyinə görə onu İstanbulda hər kəs Polad deyə çağırır. Əvvəllər aktyor olmağı düşünməyən, hətta şəkil çəkdirməyi belə sevməyən Şaşmaz bu gün geniş tamaşaçı kütləsi tərəfindən sevilir. Bizimlə söhbətində aktyor yaratdığı Polad obrazından əsasən romantizmi və sevgini öyrəndiyini bildirdi. Ailədə üç qardaşdan ən böyüyü olan Necati Şaşmaz boş zamanlarında üzgüçülük, at çapmaqla məşğul olur, kitab oxuyur, teatra gedir. Aktyorla onun çalışdığı "Panafilm" şirkətində görüşdük. 

- "Qurdlar vadisi" filmi ilə Türkiyədə, Azərbaycanda, hətta xaricdə də məşhur oldunuz. Eşitdiyimə görə "Qurdlar vadisi" serialına dəvət aldığınız zaman öncə qəbul etməmisiniz.

- Film təklifi gözlənilməz olduğu üçün düşünməyə vaxt istədim. Həyatımda belə bir planım yox idi. Aktyor olmağı heç düşünmürdüm. İlk dəfə idi belə bir təklif alırdım, həm də baş rol təklifi. Mənim yerimə kim olsa idi, düşünmək üçün zaman istəyərdi. Həyatda hər şey ola bilər, bu rolun həyatıma müsbət təsiri olduğu kimi, mənfi təsiri də ola bilərdi. Bir müddət düşündükdən sonra qərar verdim. Sadəcə ortancıl qardaşım Racı tərəddüd edirdi, deyirdi ki, qardaşım üçün ssenari yazmağa çətinlik çəkirəm. O da çəkilişlər başlayandan sonra buna alışdı. 

 - Seriala ilk çəkildiyiniz gün hansı hissləri yaşadınız?

- Alışmadığınız bir həyat təbii ki, qəribə bir hiss. O anda bilmədiyin bir dünyanın içinə girmiş olursan. Mən kiçik yaşlarımda olanda, təxminən altı yaşım olardı, əmim məni dənizə atmışdı. O anda çırpınaraq üzməyi öyrəndim. Bu da onun kimi bir vəziyyət idi. Dənizə atılıb da orda boğulmaq, dənizdən həyat boyunca qorxmaq kimi vəziyyətlər də ola bilir. Amma mən boğulmadım, üzməyi öyrəndim. Kino aləmində çox yaxşı, professional üzgüçü deyiləm, hələ də öyrənirəm.

 - "Qurdlar vadisi" filmi həm sizin, həm də filmdə oynayan digər aktyorların həyatını tamamilə dəyişdirdi. Əvvəlki həyatınızla sonrakını müqayisə edərkən nostalji hisslərə qapılırsınızmı?

- Təbii ki, nostalji hisslərə qapılıram. Ssenarini oxuduğum zaman keçmişdə yaşadığım o hissləri birləşdirib onunla bərabər oynayırdım. 

- "Qurdlar vadisi" filmi tamaşaçılar tərəfindən həm rəğbətlə qarşılanan, eyni zamanda tənqid edilən film oldu. Mənəvi dəyərlər, vətənə, anaya, dosta məhəbbət, adət-ənənələrə ehtiram, düzgünlük, halallıq, ədalət  və s. filmdə qabarıq şəkildə göstərilsə də bəzi tənqidçilər bu filmin günümüzə zərərləri olduğunu iddia etmişlər. Siz də bu tənqidçiləri məhkəməyə vermisiniz. Sizcə, bunun səbəbi nə idi?

- Dünyanın hər yerində ölkənin qəhrəmanları filmlərdə oynayır və həmin filmlər də dünyaya satılır. Bu filmlər bizdə olduğu kimi kəskin deyil, daha yüngül formada tənqid olunduğu zaman o ölkənin mətbuatı belə tənqidçiləri tənqid edir. Çünki onların məqsədi o mədəniyyəti, o sosiologiyanı insanların beyninə yeritməkdir. Öz ölkəmizdə öz dəyərlərimizə, adətlərimizə, dostluğumuza bağlı qalaraq burada da insan haqlarının pozulduğunu göstərdiyimiz halda bu filmin necə tənqid edildiyini həqiqətən anlaya bilmirəm. Böyük bir işə imza atdıq, paxıllıqlar  normaldır. 

 - Məhkəmə prosesinə məcburən getdiniz, yoxsa o tənqidçilərə ümumi bir cavab olsun deyə bu işə başladınız?

- Mən mübahisələri sevmirəm, mübahisələrə də əhəmiyyət vermirəm. Ona görə də bu işi qanun yolu ilə həll etdik. Bu, daha məntiqli addım oldu və mənə yaraşan da bu idi. 

- Uzun müddət bir neçə xarici ölkədə yaşamısınız. Hansı ölkənin həyat tərzi sizə daha uyğundur?

- Türkiyənin həyat tərzi mənə çox doğmadır. 

- Verdiyiniz müsahibələrdən belə məlum olub ki, əgər Amerikada 11 sentyabr hadisələri olmasaydı siz o ölkədən köçəcəkdiniz?

- Mənim Amerikada evim və işim var idi. Fikrimi ailəmə bildirdiyim zaman onlar bu məlum hadisələrdən sonra mənim Amerikaya getməyimə narazılıq etdilər. Mən də qərarımı dəyişdim və ölkəmdə qurdum. Amerikada yaşasam da, həyatımı orada qurmuş olsam da, Türkiyəyə qarşı böyük həsrətim vardı, hər zaman da olacaqdı. Maddi imkanlara görə Amerikada yaşayırdım. Ancaq Türkiyəm hər zaman başımın tacı idi. 

- Bildiyimə görə yeniyetmə yaşlarınızda şeirlər yazmısınız. Adətən insanlar o yaşlarda olarkən sevgi hissləri onlara ilham verir və bu ilhamdan qaynaqlanaraq şeirlər yazırlar. Sizdə bu hisslər oldumu?

- Təbii ki. İyirmi yaşımda kitab çıxaracağam, demişdim. O zamanlar 15-16 yaşlarında idim və iyirmi yaşım olanda kitabımı çıxardım. 

- Bir müsahibənizdə sevgidən, sevməkdən qorxduğunuzu demisiniz.  - Mətbuatda tez-tez soruşurlar: - Sevdiyiniz varmı, nə zaman evlənəcəksiz? Nə zaman övladınız olacaq? Mən heç bir zaman könül, sevgi münasibətlərini insanların gözü önündə yaşamaq tərəfdarı olmadım. Ona görə də qısa olaraq mən sevgi istəmirəm, işimə aşiqəm, işimi sevirəm.

-        Hazırda həyatınızda sevgi varmı? 

-        Sevgi həyatımda hər zaman var. 

-        Sevdiyiniz insan varmı? 

-        Sevdiyim insanlar var. 

 - Tanınmış fransız şairi, tənqidçisi Pol Valerinin belə bir fikri var ki, sən özün, xüsusilə də başqaları haqqında danışanda həm də özün haqqında danışırsan. 

-  Mövlanə həzrətləri də deyib ki, insanlar testi kimidir, içindəkinin nə olduğunu bilmək üçün ağzını açmaq kifayətdir.