MTRŞ: Bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər


Digərləri 24 Okt 2018 07:58:00 250 0

MTRŞ: Bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər

Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil. Son.az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bir neçə ildir ki, yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: "Bu gün müxtəlif məzmunda, istər dramatik, istərsə də komediya janrlarında xeyli sayda seriallar yayımlanır. Bu da onu göstərir ki, serial təsərrüfatı artıq inkişaf yolundadır. Əlbəttə ki, bu inkişafın kökündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış milli telefilmlərin, habelə, teleserialların istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamlar durur. Bu dəstəyin sayəsində serial təsərrüfatının maddi-texniki bazası formalaşıb və bu gün özünün inkişaf mərhələsini yaşayır".

T.Dadaşov bildirib ki, əgər əvvəllər milli efir məkanında xarici seriallar hegemonluq edirdisə, bu gün milli seriallar kanalların efir məkanında özlərinə ciddi mövqe qazanıblar: "Hazırda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir. Lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil. Keyfiyyət istiqamətində nailiyyətlərin də özünü yaxın illərdə göstərəcəyi şübhəsizdir. Nəzərə alınmalıdır ki, bu sahə ölkəmizdə yenidir".