Kaşıkçı cinayətini törədənlərin məhkəməsi İstanbulda aparılsın


Dünya 23 Okt 2018 21:12:00 229 0

Kaşıkçı cinayətini törədənlərin məhkəməsi İstanbulda aparılsın

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına ərəb jurnalistin qətlində ittiham olunan 18 nəfərin məhkəməsinin İstanbulda aparılmasına çağırış edib.

Recep Tayyip Ərdoğan partiyasının toplantısında etdiyi çıxışında İstanbulda konsulluq binasında öldüyü təsdiqlənən Camal Kaşıkçı (Jamal Khashoggi) cinayəti ilə bağlı danışıb.

O bildirib ki, Səudiyyə Ərəbistanın vətəndaşı olan jurnalistin öldürülməsinin öncədən planlaşdırıldığı haqqında Türkiyə istintaq orqanlarında əsaslı faktlar var.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına cinayətə görə ittiham olunan 18 nəfərin məhkəməsinin İstanbulda aparılmasına çağırış edib.

Ərdoğan deyib ki, Kaşıqçı sentyabrın 28-də evlilik sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğu binasına girib.

Onun sözlərinə görə, istintaqdan aydın olub ki, onun gəlişi barədə cinayəti törədən adamlara xəbər verilib, bir planlaşdırma, yol xəritəsi qurulub.

Prezident deyib ki, oktyabrın 1-də üç nəfərlik bir qrup Səudiyyə Ərəbistanından İstanbula təyyarə ilə gələrək otelə yerləşib və Baş konsulluğa gedib.

Baş konsulluqdan bir qrup isə İstanbuldakı Yalova və Belgrad Meşəsində axtarış işləri aparıb.

Növbəti gün üç nəfərlik bir qrup daha gəlib.

Onun sözlərinə görə, generallar və təhlükəsizlik işçilərindən ibarət bir qrup isə özəl təyyarə ilə gəlib.