Nicat qapısı FOTO


Digərləri 23 Okt 2018 19:56:00 271 0

Nicat qapısı  FOTO

35 yaşlı Mingəçevir şəhər sakini Jalə Həsənova anadangəlmə ürək qüsuru (fallo tetradası) ilə dünyaya göz açıb. 2008-ci ildə ailə quran Jalənin səhhəti 2009-cu övladı doğulduqdan sonra daha da ağırlaşır. Əmək qabiliyyəti məhdudlaşan ana körpəsini qucağına belə ala bilmir.

Son.az Trend-ə istinadən bildirir ki, müalicə üçün əvvəl ölkə daxilindəki xəstəxanalara üz tutulur. Daha sonra Gürcüstan, Türkiyədə ümid axtarışına çıxırlar. Hər dəfə də əməliyyat üçün tələb olunan xərclər imkanları aşır, borc-xərc hesabına planlaşdırılan əməliyyat qarşılığında isə xəstənin sağalacağına kimiləri zəmanət verir, kimiləri yox.

Jalənin həyat yoldaşı Rəfael Həsənov geriyə baxıb acı günləri belə xatırlayır: "Pulu ödəməyə imkanımız çatmadığı üçün hər şeyi taleyin ixtiyarına buraxdıq".

Və o gün hər şey möcüzə kimi dəyişir...

2016-cı ilin sonunda Jalə bacısından icbari tibbi sığorta sistemi (İTSS) və onun köməyilə belə ağır əməliyyatların pulsuz edilməsi haqda eşidir, amma inanmır: "Yoldaşım isə ümidini itirmir, bunu dəqiqləşdirmək üçün Mingəcevir Şəhər Xəstəxanasına müraciət edir. Nəhayət, 2017-ci ilin oktyabrında İTSS-nin sayəsində heç bir vəsait ödəmədən əməliyyat olundum".

10 ildən artıq davam edən evliliklərində ancaq çətinliklər gördüklərini deyən R.Həsənov sanki həyata yenidən gəldiklərini dilə gətirir: "Jalə sağlamlığına qovuşduğundan evliliyimizin son ayları bizim üçün daha gözəl keçib. Buna görə İTSS-yə, bu imkanı yaradan ölkə rəhbərinə təşəkkür edirik".

***

Jalə kimi bir çox insanın ümidlərinə çıraq yandıran İTS modeli ölkəmizdə hələ "gənclik dövrü"nü yaşasa da, beynəlxalq aləmdə diqqəti özünə çəkə bilib. Azərbaycanın həmrəylik prinsipinə əsaslanan İTS modeli Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir və ali qurum milli modelimizin nümunəvi model kimi digər ölkələrə də təqdim edilməsini təklif edir.

Keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı təmin etmək missiyası daşıyan milli İTSS İcbari Tibbi Sığorta Agentliyinin (ITSA) departament rəhbəri Araz Nəsirovun da dediyi kimi, imkanlıların imkansızlıları, cavanların yaşlıları qoruduğu sosial layihədir.

"Sabaha sağlam addımlayaq" devizi altında Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilən pilot layihənin gələn ildən bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

Əslində, yeni və böyük bir model olan İTSS haqda məlumatları kiçik bir yazıya sığdırmaq mümkünsüzdür. Modelin daha geniş təfərrüatları (http://its.gov.az/az/v-t-nda-lar-ucun/n-cox-veril-n-suallar/) ilə tanış olmağı oxucuların öz ixtiyarına buraxıb, digər nüanslara diqqət çəkməyi lazım bildik.

***

Reallıq odur ki, bu gün müalicə xərcləri ödənişindən ehtiyat edən insanlarımız həkimə daha çox vəziyyətləri ağırlaşdığı halda üz tuturlar. Avropa İttifaqının "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinniq layihəsinin rezident tvinniq müşaviri Qediminas Çerniauskas da ölkədə çox sayda tibbi heyət və xəstəxana yataqlarının olmasına baxmayaraq, nağd ödənişlər və tibbi xidmətlərin qiymətlərinin yüksək səviyyədə olması üzündən xidmətlərdən istifadə intensivliyinin aşağı olduğunu deyir.