Estoniya parlamentinin vitsespikeri: "Azərbaycanla əməkdaşlıq üçün geniş potensial var" FOTO


Siyasət 23 Okt 2018 19:22:00 261 0

Estoniya parlamentinin vitsespikeri: "Azərbaycanla əməkdaşlıq üçün geniş potensial var"  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, E.Məmmədyarov Estoniya parlamentinin vitse-spikeri K.Laaneti salamlayaraq, Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Həmçinin nazir informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Avropa İttifaqı - Azərbaycan arasında münasibətlərə toxunan E.Məmmədyarov, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barəsində qarşı tərəfə məlumat verib.

K.Laanet, öz növbəsində, səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək, Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.


Xəbərə aid foto