Narkoloji Mərkəzdəki yandırmaqda təqsirləndirilən şəxsdən oğluna: "Adamın namusu, vicdanı, kişiliyi olar"


Digərləri 23 Okt 2018 18:54:00 243 0

Narkoloji Mərkəzdəki yandırmaqda təqsirləndirilən şəxsdən oğluna: "Adamın namusu, vicdanı, kişiliyi olar"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emin Quliyev ifadə verib.

O deyib ki, narkotik istifadəçisi olub və hadisədən 20 gün əvvəl Mərkəzdə müalicə almağa gedib: "Orada həkimim Afət xanım idi. Mən 16-cı, Məhəmməd isə 14-cü palatada qalırdı. Hadisə zamanı məni bir palatada yatdığım şəxslər oyatdı. Dərmanların təsirindən ağır yatırdım. Oyandığımda hər yer yanırdı. Tüstüdən çətinliklə çölə çıxdıq. Əlim yanmışdı, özüm də boğulurdum. Kimsə məni dartıb çölə çıxartdı. Həmin vaxt Məhəmmədi görmədim".

Hakim bildirib ki, zərərçəkənin məhkəmə və istintaqa verdiyi ifadə arasında bəzi ziddiyyətlər var.

E.Quliyev istintaqda verdiyi ifadəsini oxumadığını və məhkəmədə danışdıqlarının doğru olduğunu qeyd edib.

Daha sonra şahid qismində təqsirləndirilən M.Məmmədovun oğlu Vahid Məmmədov yenidən dindirilib.

M.Məmmədov oğlunu yalan danışmaqda ittiham edib: "O, kiminsə sözünə uyub burda yalan danışır. Mən heç vaxt "evi yandıracağam" deməmişəm. Anası da bunu ev üstündə məhkəməyə verib. Düzünü danış. Adamın namusu, vicdanı, kişiliyi olar".