Bakıda Ümumdünya Gömrük Təşkilatının konfrans və sərgisi keçiriləcək


Digərləri 23 Okt 2018 17:42:00 278 0

Bakıda Ümumdünya Gömrük Təşkilatının konfrans və sərgisi keçiriləcək

Dövlət Gömrük Komitəsinin sədri Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev Azərbaycanla Meksika arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrdən məmnunluqla bəhs edib. Komitə sədri hər iki ölkənin geniş iqtisadi potensialının bu istiqamətdə münasibətləri daha da inkişaf etdirməyə imkan verdiyini vurğulayıb və daha uğurlu nəticələr əldə olunacağına ümidvar olduğunu bildirib. O da vurğulanıb ki, müxtəlif beynəlxalq tədbirlər, konfranslar və seminarlar çərçivəsində iki ölkənin gömrük orqanları rəhbərlərinin və əməkdaşlarının vaxtaşırı görüşləri keçirilir və “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş”in imzalanmasından sonra bu əlaqələr daha səmərəli şəkildə inkişaf edəcək. S.Mehdiyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və bu islahatların gömrük orqanlarının daha çevik və dinamik fəaliyyətinə şərait yaratdığını deyib.