Bakıda piyadanı avtobusla vurub öldürən şirkət işçisi həbs edildi


Digərləri 23 Okt 2018 12:28:00 245 0

Bakıda piyadanı avtobusla vurub öldürən şirkət işçisi həbs edildi

Oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi "General Avtocompany" MMC-yə məxsus "Daewoo BS 090" markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun birgə məlumatına görə, fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilib.

Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.