Müğənnilər iradlarla razılaşmırlar: “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq”


Digərləri 23 Okt 2018 11:32:00 271 0

Müğənnilər iradlarla razılaşmırlar: “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun apardığı monitorinqin nəticəsinə əsasən, ölkədəki müğənnilərin əksəriyyəti ifalarında ədəbi dil normalarını pozurlar. 

Son.az xəbər verir ki, Report siyahıda adları olan bir neçə müğənniyə müraciət edərək, məsələ ilə bağlı onların fikirlərini öyrənib. 

Əməkdar artist Abbas Bağırov açıqlamasında adının siyahıya salınması ilə razılaşmadığını bildirib: "Mənim adımı siyahıya salan, mahnılarımda nöqsanlar tutan insanlara demək lazımdır ki, vaxtilə mən oxuduğum mahnıların 80-90 faizi 30-40 il bundan əvvəl öz sözünü demiş bəstəkarlar və şairlər tərəfindən yazılmış mahnılardır. O vaxtlar ümumiyyətlə məzəli mahnılar var idi. Həmin mahnılarda sözlərdə müəyyən şivələr də olurdu. Başa düşmürəm, artıq belə şeylərdə səhv tutmağa başlayıblar? Yəni işləri-gücləri yoxdur? Ümumiyyətlə, yəqin onların musiqidən, şeirdən anlayışları yoxdur. Musiqini dərindən qavrasınlar, yaxşı araşdırsınlar. Musiqi nədir, ona yazılan sözlər necə olmalıdır, nə kimi sözlər yazıla bilər. Oxuduğum mahnılara, yaxud ona yazılmış sözlərə irad tuta bilərlər. Desələr burada bu sözü dəyiş mən qəbul edərəm. Mən bacardığım qədər şeiri diqqətlə oxuyuram. O adamlara demək lazımdır ki, bu gün dillərində, oxumaqlarında qüsur olan o qədər adam var ki, onların heç biri siyahıya sığmaz. Onlardan danışsınlar, məni o siyahıya qatmaq lazım deyil".

Əməkdar artist Elnarə Abdullayeva bildirib ki, müğənnilərin bəziləri yox, hamısı bu qaydaları pozur: "İşləri gücləri guya nəsə demək, nəsə işləməkdir. Nə olacaq? Mən kiməmsə, haradan gəlmişəmsə ora da gedirəm. Kiməsə görə, xarakter dəyişən adam deyləm. Mən heykəlləşmiş bir insanam. Belə gəlib, belə də gedirəm. Dəyişmirəm".

Müğənni İlqar Sail açıqlamasında SSRİ zamanında rus məktəbində təhsil aldığını deyib: "Mən rusdilliyəm. Dilçilərlə mübahisə etmərəm. Ola bilsin ki, bəzi sözləri dərindən bilmirəm. Səhv olanda da gərək bizə kimsə desin ki, bu, belə düz deyil, bunu düzəltmək lazımdır. Belə olsa yaxşı olar".