Azərbaycan yeni İpək Yolunda vacib bənd


Digərləri 23 Okt 2018 11:28:00 244 0

Azərbaycan  yeni İpək Yolunda vacib bənd

CHINA DAILY, Çin

23.10.2018 

Müəllif: Seymur Məmmədov ("EurAsiaAz" beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

2013-cü ilin mayında "Bir kəmər-bir yol" təşəbbüsü irəli sürülərkən həm Qərbdə, həm də Şərqdə bir çox ölkə bu layihəyə ehtiyatla yanaşırdı. Lakin "İpək Yolu İqtisadi Kəməri" və "21-ci əsr Dəniz İpək Yolu"nun keçdiyi ölkələrdə böyük nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi nəticəsində ona tərəddüdlə yanaşan bir çox dövlət Çinin təşəbbüsünü alqışlamağa başladı. Artıq əksər ölkələr bu təşəbbüsün nəinki təhlükəli olmadığı, hətta xilas yolu olduğu qənaətindədir.

Təşəbbüsü irəli sürmüş Çin sədri Si Cinpin dialoqda və əməkdaşlıqda maraqlıdır. Onun düçündüyü əməkdaşlıqda ziddiyyətə yer yoxdur. Əksinə, müttəfiqdən də çox dostluq münasibətlərinə yer verilir. Bu, xarici siyasətdəki "bizimlə olmayan bizə qarşıdır" prinsipini də rədd edir. Buna baxmayaraq, bu köhnəlmiş geosiyasi manevr bəzi ölkələr üçün hələ də aktualdır.

Pekin daxili işlərinə qarışmayan ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlıq münasibətlərini qoruyur. Çin fundamental maraqları qəbul edir, ölkələrin suverenliyinə, ən həssas məsələ - onların ərazi bütövlüyünə hörmət edir. Ölkələr arasındakı ərazi mübahisələrinə qarışmayan Çix belə problemlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa əsasən həllini dəstəkləyir. O, xarici siyasətindəki bu prinsipi Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Cənubi Qafqaz regionuna da tətbiq edir. Məhz bu yanaşma bizi bir daha "İpək Yolu İqtisadi Kəməri"nə cəlb edir.

Bu gün "Bir kəmər-bir yol" təşəbbüsü təkcə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya regionunda deyil, həm də Cənubi Qafqazda uğurla irəliləyir. Avropa, həmçinin Rusiya və Çin üçün Cənubi Qafqazda vacib ölkə olan Azərbaycan da "İpək Yolu İqtisadi Kəməri" layihəsində iştirak edir. 2015-ci ilin aprelində o, Asiya İnfrastruktur İnvestisiya Bankının yaradıcılarından biri olub. Həmin ilin iyulundan isə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi tərəfdaşıdır.

Azərbaycan prezidenti İlham Əliyevin Çinə 2015-ci ilin dekabrında etdiyi səfər zamanı tərəflər "İpək Yolu İqtisadi Kəməri"nin birgə reallaşdırılması ilə bağlı Anlaşma Memorandumu imzalayıb.

Bəs Azərbaycan "İpək Yolu İqtisadi Kəməri"nə nə təklif edə bilər? Bu ölkənin "Bir kəmər-bir yol" layihəsi çərçivəsində Çinə təklif edəcəyi nələr var?

Azərbaycanın təklif etdiyi birinci layihə Bakı-Tbilisi-Qars dəmir yoludur. 2017-ci il oktyabrın 30-da işə düşmüş bu dəmir yolu qədim İpək Yolu üzərində Transavropa ilə Transasiya dəmir yolu şəbəkəsinin birləşdirilməsi məqsədilə tikilib.