Dünya ictimaiyyəti Camal Kaşıkçının qətlinə reaksiya verməyə başlayıb


Dünya 22 Okt 2018 23:15:00 284 0

Dünya ictimaiyyəti Camal Kaşıkçının qətlinə reaksiya verməyə başlayıb

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard oktyabrın 23-dən 25-dək Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək "Future Investment Initiative" konfransında iştirak etməyəcək. Hələ bir neçə gün bundan əvvəl K.Laqard bildirmişdi ki, bu tədbirə getmək niyyətindədir. Lakin o, yekunda Ər-Riyada getməkdən imtina edib və bunun səbəbini açıqlamayıb. Son.az xəbər verir ki. bu barədə AZƏRTAC BVF rəhbərinin "Twitterdə"ki səhifəsinə istinadla bildirir.

Beynəlxalq siyasi və iqtisadi elitanın bir çox nümayəndələri - ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, Fransa və Niderlandın maliyyə nazirləri, həmçinin "BNP Paribas", "Credit Suisse", "HSBC", "JPMorgan Chase" və "Societe Generale" banklarının rəhbərləri Laqardın bu hərəkətindən nümunə götürərək konfransda iştirakdan imtina ediblər.

İmtinaya "The Washington Post"un 59 yaşlı icmalçısı, səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının qətli səbəb olub. Onun itməsi oktyabrın 3-də - Kaçıkçının Səudiyyə Ərəbistanının İstanbulda yerləşən Baş konsulluğuna Türkiyədə yaşayan nişanlısı ilə nikah bağlamaq barədə sənədləri rəsmiləşdirməyə gəldiyi günün ertəsi məlum olub.

Səudiyyə Ərəbistanının rəsmi şəxsləri təxminən bundan üç həftə sonra C.Kaşıkçının ölümünü təsdiqləyiblər. Jurnalist ilə "onun konsulluqda görüşdüyü şəxs" arasında "mübahisə" dalaşmaya gətirib çıxarıb və "Kaşıkçının ölümü ilə sona yetib". Səudiyyənin dövlət agentlikləri ölkənin baş prokurorluğuna istinadən bu xəbəri şənbəyə keçən gecə, oktyabrın 20-də yayıblar. Bəyanatda, həmçinin bildirilir ki, Kaşıkçının qətli ilə bağlı krallığın 18 vətəndaşı həbs edilib.

Bir çoxları artıq Ər-Riyad konfransına getməkdən imtina etsə də, bəzi dəvət olunanlar hələ qəti cavab verməyiblər. Almaniyanın "Siemens" konserninin başçısı Co Kezer yaxın günlərdə qərar verəcəyini bildirib. O, mövqeyini belə izah edib: "Kaşıkçının itməsi ciddi insidentdir. Digər tərəfdən, əgər insanların itkin düşdüyü ölkələr ilə danışmasaq, biz evdə oturmalı olacağıq, çünki münasibət qurmağa daha heç kim qalmayacaq".