Gürcüstanda prezidentliyə namizəd azərbaycanlıları narahat edən məsələlərlə tanış olub


Digərləri 22 Okt 2018 22:53:00 297 0

Gürcüstanda prezidentliyə namizəd azərbaycanlıları narahat edən məsələlərlə tanış olub

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Tbilisidə Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

Son.az "report"-a istinadən bildirir ki, görüşdə S.Zurabişvili azərbaycanlıları narahat edən məsələləri dinləyib.

Görüşdə iştirak edən Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov ölkədə Novruz bayramının dövlət səviyyəsində qeyd olunmaması ilə bağlı narazılığını ifadə edib:

"Keçmiş prezident Mixeil Saakaşvilinin dövründə Novruz dövlət bayramı kimi qeyd olunurdu. Lakin sonradan bu ənənə ləğv olundu. Bu bayramın dövlət səviyyəsində qeyd olunması ənənəsi bərpa olunmalıdır. Belə ki, Novruz bayramı UNESKO-nun irs siyahısına daxil edilib və bayram təşkilat tərəfindən beynəlxalq səviyyədə qeyd olunur".

Azərbaycan dilli "Gürcüstan" qəzetinin baş redaktoru, əməkdar jurnalist İslam Əliyev isə Azərbaycan dilli məktəblərdə gürcü dilinin tədrisi məsələsinə toxunub:

"Azərbaycanlı məktəbli və tələbələr dahi şairlər Nizami, Füzüli və digərlərini tanımırlar. Təhsil sisteminin islahatlara çox böyük ehtiyacı var. Əlbəttə ki, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini mütləq öyrənməlidirlər. Lakin gürcü dilini öyrənmək Azərbaycan dilinin unudulması hesabına baş verməməlidir".