19481953cü illərdə azərbaycanlıların deportasiyasından 70 il keçir VİDEO FOTO


Digərləri 22 Okt 2018 21:21:00 266 0

19481953cü illərdə azərbaycanlıların deportasiyasından 70 il keçir  VİDEO  FOTO

1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan SSR-in ərazisindən deportasiyasından 70 il keçir. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları əsasında 1948-1953-cü illərdə 150 min nəfər azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından könüllülük adı ilə kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu qərarların icrasında avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilib, minlərlə insan, o cümlədən qocalar və uşaqlar ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi soyqırımına dözməyərək məhv olub.

1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından Azərbaycan SSR-ə köçürülən ailələrin bir qismi də Bərdə rayonu ərazisində məskunlaşıb. Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Bərdə rayonunun Əmirli kəndində məskunlaşmış həmin insanlarla görüşüb.

Dərələyəzin Çivə kəndindən deportasiya olunan 80 yaşlı Cabbar Cəlalov bildirib ki, azərbaycanlıların deportasiyasında məqsəd Ermənistan SSR-də ermənilərin sayının çoxaldılması idi: "Bizi öz yurdumuzdan könüllü adı ilə köçürdürdülər. Biz köçən kimi isə kəndimizə, evimizə Suriyadan, Livandan gətirilən erməni ailələrini yerləşdirirdilər. Bizi vaqonlarla Ələtə, oradan isə Yevlağa gətirdilər. Yevlaxdan isə hər kəndə 15-20 ailə olmaqla paylaşdırdılar. Biz isə Sovet hökumətinin qaçaq hərəkatına qarşı mübarizə zamanı dağıdılmış və əhalisi didərgin salınmış İmirli kəndinə gəldik. Yerdən qazma tikib il yarım orada yaşadıq. Çətinliklərimiz çox oldu. Sonrakı illərdə ev tikdik, kənd təsərrüfatı ilə məşğul olmağa, pambıq, taxıl becərməyə başladıq".

Dərələyəzin Sallı kəndindən deportasiya olunan 79 yaşlı Əli Eyvazov isə həmin dövrü belə xatırlayır: "Soyuq aylarda bizi Noraşın stansiyasına gətirdilər, yük vaqonlarına yığıb Salyan rayonun Kürqaraqaşlı kəndinə apardılar. Oranın havasına, suyuna uyğunlaşmaq çətin olduğundan çox adam həlak oldu. Əmim oğlu Məhəmməd də bu səbəbdən dünyasını dəyişdi. 3-4 aydan sonra Bərdə rayonun İmirli kəndinə köçdük. Köçürülən əhaliyə yaşamaq üçün heç bir şərait yaratmamışdılar. Çətin günlər idi. Yerdən qazma pəyələr düzəldib ağır vəziyyətdə yaşamağa başladıq".


Xəbərə aid fotolar