Azərbaycanın media təmsilçiləri Gürcüstanda olublar (FOTO)


Digərləri 22 Okt 2018 16:51:10 290 0

Azərbaycanın media təmsilçiləri Gürcüstanda olublar (FOTO)

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri Tbilisi şəhərində işgüzar səfərdə olublar.

Bakı. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olublar. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Trend-ə verilən məlumata görə, Fondun "Azərbaycan Xalq Cümhuriyyəti ili» ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi daşıyıb. Səfərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Cəmaləddin Quliyev, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, «Ədalət» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas, «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, «Trend» İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Fondun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov, habelə aparıcı məsləhətçiləri Samir Mustafayev və Mirsəid Ağayev iştirak ediblər. Səfərin ilk günü – oktyabrın 18-də media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Tbilisi şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, önünə çiçək dəstələri düzüblər. Media təmsilçiləri sonra Tbilisidəki Botanika bağına gələrək köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Həsən bəy Ağayevin, Fətəli Xan Xoyskinin, eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər. Səfər çərçivəsində media nümayəndələri daha sonra Tbilisi şəhərində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin «İstiqlal Bəyannaməsi»nin elan edildiyi tarixi bina ilə tanış olublar. Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub və hazırda «Gənclər evi» kimi fəaliyyət göstərir. Bildirilib ki, 1918-ci il fevralın 23-də binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 44, Gürcüstan sosial demokratlarının 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub. Qeyd olunub ki, Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxdığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də Seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın yaradıldığını elan ediblər və Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasda «İstiqlal Bəyannaməsi» qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində yerləşən bu tarixi binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması rəsmən elan edilib. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək həmin binada fəaliyyət göstərib. Azərbaycan nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar. Media təmsilçiləri bir vaxtlar gərgin müzakirələrin aparıldığı "Güzgülü salon"da, sənədlərin imzalandığı "Ağ salon"da və qərarların oxunduğu, iclasların keçirildiyi "Qırmızı salon"da olub, binanın bağçasında xatirə fotosu çəkdiriblər. Həmin gün Azərbaycanın media təmçilçiləri və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstan parlamentində olublar. Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Azərbaycanın media nümayəndələrinin Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər. Fondun icraçı direktoru Vüqar Səfərli iki strateji tərəfdaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. İcraçı direktor hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması, informasiya mübadiləsinin təmin edilməsi üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ikitərəfli əlaqələrin dinamik inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq beynəlxalq tədbirlərdə hər iki ölkənin parlamentarlarının taleyüklü məsələlərdə eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib. Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Oktyabrın 19-da media təmsilçiləri səfərin təşkilinə hərtərəfli dəstək verən Azərbaycanın Gürcüstandakı səfirliyində olublar. Qonaqlar əvvəlcə səfirliyin binasında yaradılmış iş şəraiti ilə yaxından tanış olublar. Səfir Dursun Həsənov qonaqları səmimi salamlayaraq onlara səfirliyin diplomatik missiyası, habelə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutduğunu xüsusi diqqətə çatdırıb. Azərbaycan dövlətinin bu ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən səfir Dursun Həsənov deyib: «Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində minlərlə soydaşımız işlə təmin olunub».