Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb


Digərləri 22 Okt 2018 13:05:00 231 0

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb. Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq 1-ci Polis Bölməsinə təhvil veriliblər.