Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? - Nazirlikdən CAVAB


Digərləri 22 Okt 2018 07:45:00 295 0

Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? - Nazirlikdən CAVAB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir. Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin "Yaşılllıqların mühafizəsi haqqında" qanunla tənzimləndiyini deyən İ.İbrahimova əlavə edib ki, vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.