Arı sancmaları zamanı nə etməli?


Digərləri 22 Okt 2018 07:00:00 267 0

Arı sancmaları zamanı nə etməli?

Həkimlər deyir ki, bu zaman ilkin tibbi müdaxilə mühüm rol oynayır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bağdan meyvə yığırdım. Bilmədən arının yuvasına toxundum. Elə bu an məni bir arı sancdı. Əvvəlcə fikir vermədim, fikirləşdim ki, heç nə olmaz. Bir müddət sonra sifətim şişməyə başladı. Məcbur qalıb xəstəxanaya apardılar. Şiş o qədər böyük idi, üzüm tanınmaz hala gəlmişdi. Yaxşı ki, həkimlər vaxtında müdaxilə etdilər. Üç gün ərzində şiş yavaş-yavaş çəkilib getdi. Həkimlər dedi ki, arı sancmasından sonra orqanizm şok keçiribmiş. Bir daha əmin oldum ki, bəzən önəmsiz hesab etdiyimiz, fikir vermədiyimiz problemlər sonradan böyük problemə çevrilə bilir". Bu sözləri bizimlə söhbətində Günel Kərimova söylədi. Onun da qeyd etdiyi kimi, bəzən əhəmiyyət verməsək də, sonradan arı sancmalarının böyük fəsadları  üzə çıxa bilir. Bəs arı sancmaları zamanı nə etməliyik? 

Həkim-pediatr Kənan Qarayevdeyir ki, hər şey ilkin tibbi müdaxilədən asılıdır: "Bəzən arı sancmasından sonra həmin şəxsin orqanizmində allergik şok reaksiyası müşahidə edilir. Burada önəmli olan ilkin yardımın hansı formada göstərilməsidir. Bəzən elə olur ki, arı sancan şəxsdə ciddi fəsadlar müşahidə olunmur. Amma elə insan var ki, arı sancmasına və arı məhsullarına qarşı allergik reaksiya verir. Allergik insanlarda arı sancması baş verdiyi zaman xəstənin halı xeyli pisləşə bilir. Belə ki, hətta bəzən ölüm halları da olur. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması isə daha təhlükəli hesab olunur. Bir neçə yerdən sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Adətən belə adamların orqanizmi təkcə arı deyil, digər həşərat sancmalarına qarşı da eyni reaksiyanı verir. İnfeksiya daşıyıcısı olan həşəratlar sancdığı zaman isə daha ciddi fəsadlar müşahidə olunur. Bu zaman xəstənin halında ağırlaşmalar başlayır. Yaxşı olar ki, arının sancdığı nahiyənin daha çox hissəyə yayılmaması üçün ilkin tibbi yardım vasitələrindən istifadə olunsun. Arının sancdığı nahiyədə iynə qalıbsa iynəni oradan çıxarmaq üçün müdaxilə edilməlidir. Çalışmaq lazımdır ki, arının sancdığı yerə buz və yaxud soyuq su ilə isladılmış dəsmal qoyulsun. Sancılan yeri rezinlə bağlamaq faydalıdır. İlkin tibbi müdaxilədən sonra xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Xəstənin ağrıları çox olduqda isə ona müəyyən ağrıkəsicilər verilə bilər. Vəziyyət ağır olduqda venadaxili müdaxilələr edilir. Bəzən arı sancan zaman türkəçarə üsullarından istifadə olunur. Amma bu, heç də faydalı deyil. Məsləhətdir ki, xəstənin qan təzyiqi ölçülsün. Qan təzyiqi ölçüldükdən sonra dərhal həkim müdaxiləsi vacibdir".