"Saçım saçın olsun" Örnək FOTO


Digərləri 22 Okt 2018 03:30:00 260 0

"Saçım saçın olsun"  Örnək  FOTO

Saçlarını xərçəng xəstəsinə bağışlayan Səmanur Niftəliyeva: "Ən çox dəyər verdiyin əşyanı da ehtiyacı olan insanlarla paylaşmağı bacarmalısan" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Saçlarımı çox sevirəm. Hər qız kimi saçlarıma vurğunam. Amma atam mənə həmişə deyirdi ki, ən çox dəyər verdiyin əşyanı belə, ehtiyacı olan insanlarla paylaşmağı bacarmalısan. Mən də saçlarıma dəyər verirdim və onu sevə-sevə ehtiyacı olan həmyaşıdımla paylaşdım".

Bu sözləri özü balaca, ürəyi geniş olan Səmanur deyir. Onun hələ 11 yaşı var. Uşaqlıqdan saxlayıb, uzatdığı saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən 6 yaşlı həmcinsinə bağışlayıb: "Ailəm sosial şəbəkələrdə "Saçım saçın olsun" aksiyasi ilə tanış olub, mənə danışdılar. Aksiyada bildirilirdi ki, 6 yaşlı qız xəstə olduğu üçün saçları tökülüb. Amma məktub yazaraq, qeyd edib ki, uzun saçlarının olmasını istəyir. Mənim də saçlarım uzun idi və ona hədiyyə etmək istədim. Anamın da dediyi kimi, saçımın kökü onsuz da özümdədir, yenə uzanacaq. Əsas odur ki, xəstəlikdən əziyyət çəkən bacım da arzusuna çatacaq və sağalacaq".

Bu dəfə "Örnək" rubrikasının qonaqları xərçəng xəstələrinə təmənnasız motivasiya verən və ümid olan "Saçım saçın olsun" layihəsinin rəhbəri Sevinc Məmmədova və saçını bağışlayan Səmanur Niftəliyevadır.   "Qoy bütün qadınlar gözəl olsun"   Layihə rəhbəri Sevinc orta təhsillidir. İki yerdə işləyir. Gündüzlər bir restoranda aşpaz köməkçisi, saat 19:00-dan gecə yarısına qədər ayıq sürücü xidmətində operator kimi çalışır. İş qrafiki gərgin olsa da, könüllü şəkildə xəstələrə ümid olmaq üçün də işləyir. Deyir ki, bir xərçəng xəstəsi üçün saçının tökülməsinin necə travma olduğunu öz həyatından bilir: "Anam da xərçəng xəstəsi olub. Onun saçları töküləndə çox sarsılmışdı. Öz saçını özü qırxmışdı. Üstündən çox vaxt keçib, amma o mənzərəni hələ də unuda bilmirəm. Mən bilirəm qadın üçün saçlarını itirmək nə deməkdir. Onsuz da xəstəliyin ağırlığı onları incidir. Bir də keçəlliyə görə, onların cəmiyətdən xaric olmasını, insan içinə çıxmağa utanmasını istəmirəm. Qoy bütün qadınlar gözəl olsun".   Ümid, sevinc, motivasiya...   Sevincin özünün də uzun saçları olmasına baxmayaraq, onları xərçəng xəstəsinə bağışlayıb. İlk dəfə saçını bağışladıqdan sonra, belə bir layihəni yaratmaq qərarına gəlib. Deyir ki, pariklərin qiymətləri ilə tanış olduqdan sonra, xəstələrə yardım etmək üçün aksiya təşkil edib. "Saçım saçın olsun" layihəsi vasitəsilə saçlarını bağışlayan xanımlardan saç toplayır, sonra həmin saçlardan parik hazırlatdırır və xərçəngdən əziyyət çəkən qadın və uşaqlara hədiyyə edirik: "Bir gün "facebook"da elan gördüm. Xərçəng xəstəsi bir xanım özü üçün saç axtarırdı. Mən xanıma yazdım, onunla birlikdə salona getdik və saçımı bağışladım. Elə o vaxt müşahidə etdim ki, bir insanın saçı ilə bir parik düzəlmir. Əlavə iki xanım da lazım idi. Ümumi 3 nəfərin saçından bir xanıma parik hazırlandı. Üstəlik, pariklər də çox bahalıdır. Əgər almaq istəsən, təbii saçdan hazırlanmış pariklərin minimum qiyməti 300-400 manatdan başlayır. Saçı aldıqdan sonra hazırlatdırmaq üçün də ustaya pul verilir. Onsuz da müalicəsi çox baha başa gələn xanımların bu məbləği ödəməyə imkanının yetməyəcəyini bilirik. Saç qadının gözəlliyinin ən vacib elementidir, çətin zamanlardan keçən bu xanımlar üçün atılmış ən kiçik addım belə böyük motivasiya olur. Buna görə, qərara aldım ki, ölkəmizdə də "Saçım saçın olsun" adlı aksiyaya başlayaq. Layihə Türkiyədə, eləcə də dünyanın bir çox ölkəsində çox effektli alınıb. Mən də layihəni qonşu ölkədə görmüşdüm və düşündüm ki, niyə bizdə olmasın. Belə bir səhifə hazırladım. Xanımlar saçlarını könüllü şəkildə hədiyyə edir, usta təmənnasız hazırlayır və biz xərçəng xəstələrinə bağışlayırıq. Bu xəstəliyin əsas müalicəsi motivasiyadır. Xəstəyə həyata tutunmaq üçün bir səbəb lazımdır. İstənilən xəstəlikdə sağalacağına ilk olaraq özün inanmalısan. Həmişə anama deyirdilər ki, əsas dərman inamdır. Təsəvvür edin, saçları tökülən insana tanımadığın xanımın saçını bağışlaması necə böyük ümid, sevinc, motivasiyadır. Bunu həm də qadın həmrəyliyi kimi düşünmək olar".


Xəbərə aid fotolar