Pərvinin doğum günü, gecəsinə iki min qazanan müğənni, Afaqın soyunmağı və böcək söhbəti


Şou-biznes 22 Okt 2018 00:45:00 274 0

Pərvinin doğum günü, gecəsinə iki min qazanan müğənni, Afaqın soyunmağı və böcək söhbəti

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (194-cü say) təqdim edir.

Bu yaxınlarda Təranə Qumral doğum gününü qeyd edib. Mən də öz adımdan təbrik edirəm. Saytlardan oxudum ki, Musa Təranəyə bahalı maşın alıb. Bir daha təbrik edirəm.

Hər dəfə xalq artisti İlhamə Quliyevadan nəsə yazanda içimdən qəribə sükut keçir. Süstləşirəm, düşünürəm, baş verənləri təhlil etməyə çalışıram. Doğrudanmı bir insan öləndən sonra bu qədər əziz oldu? Bacıları indi onun mülkünün üstündə az qala bir-birinə düşmən kəsilib. Bacılarından biri deyib ki, oğlu Orxan İlhamə öləndən sonra evin əşyalarını satıb. Bu arada deyim ki, Orxan hazırda polis tərəfindən saxlanılıb. Necə deyərlər, Allah qapısını açsın. Tutaq ki, Orxan hansısa əməlinə görə cəzasını çəkəcək. Bəs siz? Bəs İlhamənin sağlığında yaxın buraxmadığı bacıları? Onları nə zamansa bir dəfə İlhamənin yanında, evində, məclisində, tədbirində görən olubmu? Ayıbdır, vallah. Əgər o var-dövləti İlhamə özüylə apara bilməyibsə, deməli, siz də bu barədə ciddi düşünməlisiniz.

Aktrisa Pərvin Abıyevanın da ad günüymüş. Onu da təbrik edirik. İyirmi səkkiz yaşını qeyd edən aktrisa ad günündə bir oynamaq oynayıb ki, gəl görəsən. Elə o rəqsə baxa-baxa aktrisanın "mən min manata işləyən adama oxşayıram" sözləri yadıma düşdü. Niyə? Elə-belə yadıma düşdü də. Düşmək demişkən, Allah ABŞ-ın insafını kəssin. Nə barmaq elədisə, türk lirəsinin də kursu sürətlə aşağı enir. İndi Türkiyəylə, türklərlə iş birliyi quran sənətçilərimiz də qalıblar mat-məəttəl. Gedirlər orada əziyyət çəkirlər, alın təriylə pul qazanırlar, gətirib burada milli valyutaya çevirəndə olur qəpik-quruş.

Bir neçə gün öncə az qala yas məclislərində də oxudulan "Səni deyirlər"i oxuyan müğənni Bakıya gəlib. Bizim müğənnilər də bu "çörəkli mahnı"nın ifaçısını dövrəyə alıblar. Şəkil çəkdirən kim, avtoqraf alan kim. Bir az əvvəl də Ali Pormehr gəlmişdi. Yazığı necə hürkütdülərsə, gecəylə Bakıdan başını götürdü qaçdı. Gecəsi iki minə işləyən müğənnilər Alidən pulsuz mahnı istəyirmişlər. Onun da üzü gəlməyib desin ki, sənin bir gecən iki min manata çıxır, amma mən altı saatlıq toydan heç iki min qazanmıram.