Saç əkimi cərrahı: "İnsan başından gün ərzində 100150 tükün tökülməsi..."


Digərləri 21 Okt 2018 19:54:00 318 0

Saç əkimi cərrahı: "İnsan başından gün ərzində 100150 tükün tökülməsi..."

Saç tökülməsinin və keçəlliyin səbəbləri müxtəlifdir. Lakin 98 faiz hallarda saçlar genetik səbəblərdən tökülür və bu hala daha çox kişilərdə rast gəlinir. Qadınlarda isə hamiləlik dövründə və körpəyə süd verən zaman saç tökülməsi ola bilər ki, bunun da müalicəyə ehtiyacı yoxdur. Laktasiya dövrü keçəndən sonra bu problem aradan qalxır və saçlar bərpa olunur. Bu zaman qadınlar sadəcə vitamin qəbul edə bilərlər.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının saç əkimi cərrahı Rəşad Əliyev deyib.

- Normalda gün ərzində saçdan neçə tük tökülməlidir? Saç tökülməsini artıran səbəblər hansılardır?

- Normal insanın başında 120 min tük follikulu var. Gün ərzində 100-150 tükün tökülməsi adi haldır. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək, stress saç tökülməsini artıran səbəblərdir. Lakin, bu heç də keçəllik deyil. Bəzən qidalanmanın keçəlliyə səbəb olduğunu da deyirlər. Lakin bu doğru anlayış deyil və qidalanma keçəllik yarada bilməz. Saç tökülməsinə hər iki cinsdə rast gəlinsə də, keçəllik daha çox kişilərdə müşahidə olunur. Çünki hormon və genlər burada mühüm rol oynayır. Qadınlarda da bəzən kişi tipli keçəllik yaranır. Yəni başın ön tərəfində saç daha çox tökülür.

- Saç tökülməsinə qarşı bir çox şampunlar reklam olunur. Bu barədə nə deyə bilərsiniz? Şampun saç tökülməsinin qarşısını ala bilərmi?

- Saç tökülməsinə qarşı şampun yoxdur. Şampun sadəcə yuyucu vasitədir. Onun tərkibində kimyəvi maddələr olduğu üçün dəridən qana sovrula bilməz. Lakin dərman vasitəsi kimi istifadə olunan şampunlar var ki, onlar istisnadır.

Bəzən saç tökülməsi ilə keçəllik səhv salınır. Dediyim kimi, stress də saç tökülməsinə səbəb ola bilər. Keçəllik isə 98 faiz genetikdir. Saçlarda yağlanma və zəifləmə varsa, pasiyentin saçının dibinə öz qanının plazması vurulmalıdır. Altı seanslıq müalicə nəticəsində tökülmə və yağlanma dayanır.

- Saç əkimi necə icra olunur? Bunun hansı üsulları var?

- Saç əkimi təxminən yarım əsrdir ki, icra olunur. İlk dəfə bu üsul Koreyada tətbiq olunsa da, daha çox yunanlar tərəfindən inkişaf etdirilib. Bizə də müasir inkişaf forması çatıb. Saç əkimin iki növü var: fut və fue. Fut üsulundan başın ənsə nahiyəsindən dəri kəsib götürülür. Bu prosesin mənfi cəhəti götürülən hissədə çapıq izinin qalmasıdır və estetik olaraq problem yaradır. Bu gün dünyada daha çox istifadə olunan fue üsuludur. Bu zaman saç kökləri tək-tək götürülərək başqa nahiyəyə əkilir. Həm qadınlara da, həm də kişilərə tətbiq olunan bu metodun üstün cəhəti çapıq izinin qalmamasıdır. Bu zaman insanların gündəlik həyata qayıtması da daha tez olur. Bu üsulun tətbiqi də ağrısızdır, yerli keyləşdirmə ilə həyata keçirilir. Əməliyyatdan sonra dərman qəbul edilmir. Əkilən yerdə isə tüklər daha yaxşı inkişaf edir. Qadınlarda və kişilərdə tətbiq üsulları nisbətən fərqlənir. Qadınlar saçlarını tam qırxdırmadıqlarına görə fuemtab metoduda üstünlük verilir. Bu zaman əkilən saçlar tökülmür və onlara 70 il zəmanət verilir.

- Saç əkilməsi üçün donor tüklər haradan götürülür?

- Bu tüklər əsasən başın ənsə hissəsindən götürülsə də, donor sahəsi müxtəlifdir. Bu sahə yetərli olmayanda kişilərdə tüklər sinədən, ayaqdan, kürəkdən, saqqaldan götürülə bilir. Onu da qeyd edim ki, saç əkimində pasiyentin yalnız öz tüklərindən istifadə olunur. Qadınlarda bəzi hallarda donor tüklər qoltuq altından da götürülə bilər.