"Hamı mənə deyirdi ki, bu uşaq "manyak"dır" FOTO


Digərləri 21 Okt 2018 19:44:00 287 0

"Hamı mənə deyirdi ki, bu uşaq "manyak"dır"  FOTO

Ucqar kənddə fransız dilini tədris edən Elçin Maqsudov: "Qız uşaqlarının taleyini qarşı cinsin mərhəmətinə buraxmayın" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sənətini sevir. Deyir ki, müəllim - insanların inandığı, ən dəyərli varlıqları olan uşaqlarını etibar etdiyi şəxsiyyətdir. Belə müqəddəs sənəti sevmədən, diplom xatirinə, yaxud pul qazanmaq üçün oxuyanlar karyeralarına müəllimliklə davam etməməlidirlər. Çünki müəllimlik fədakarlıqdır, müəllim atadır, anadır... Ən əsası, gələcəyə işıq tutan şəxsdir. Bunları anlamayan müəllim ola bilməz.   "Bu uşaq "manyak"dır"   "Örnək" rubrikamızın qonağı Bakıda rahat, özünün də dediyi kimi, gəlirli işindən imtina edib, ucqar kəndə elm öyrətməyə gedən Elçin Maqsudovdur. Elçin Tərtər rayonunun Təzəkənd ümumi orta məktəbində fransız dili müəllimidir. Həmsöhbətimiz özü də kənd məktəbində oxuduğu üçün ucqar yerdə məktəbə getməyin çətinliklərini dərk edir: "Göyçay rayonunun Hacalıkənd kəndində anadan olmuşam. Elə kənd məktəbində də təhsil aldım. Maddi imkanımız yaxşı deyildi. Ona görə də çətinliklə oxuyurduq. Düzdür, kənd yerində bəzi ailələrdə imkanın yoxdursa, təhsilə o qədər önəm vermirlər. Bizdə belə deyildi. İki qardaşıq. Anamın ali təhsili yoxdur, amma bizlə çox maraqlanırdı. Qardaşımın dərsə marağı yox idi. Mən isə bir gün də məktəbə gecikmirdim. Hər gün "5"-lərimi sayır, qaib almamağı qarşıma məqsəd qoyurdum. İlin sonuna qədər bir dəfə belə qaibim olmurdu. Hamı mənə deyirdi ki, bu uşaq "manyak"dır. Amma sonda nə isə olacaq".    "Yolumuz palçıq idi..."   Elçin deyir ki, məktəb kənddən kənarda yerləşdiyi üçün hər gün uzunboğaz çəkməylə gedirmiş: "Yolumuz palçıq idi. Kanalın üzərindən keçdikdən sonra ayaqqabılarımızı yuyub, məktəbə gedirdik. Atam fəhlə idi. Qardaşımla ona kömək edirdik. 11-ci sinifdə dedim ki, mən ali təhsil almalıyam. Hazırlığa göndərmək istədilər, razılaşmadım ki, əlavə xərcdir. Əslində qorxurdum ki, qəbul olmaram, valideynlərimin zəhməti yerə düşər. Son 4 ay hazırlaşdım və Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universitetdən sonra demək olar ki, bütün həyatım dəyişdi. Əgər kənd yerində məqsədin varsa, insana birinci növbədə valideyn dəstək olmalı, inanmalıdır. Maddi imkanın olmaya bilər, amma mənəvi cəhətdən övlada dəstək olmaq lazımdır".    "Kənd məktəbində müəllimə hörmət edirlər"   Həmsöhbətimiz deyir ki, uşaqlarla işləməkdən, onları öyrətməkdən mənəvi zövq alır: "Uşaqlıqdan tərcüməçi olmaq istəyirdim. Azərbaycan Dillər Universitetinə sənədlərimi verdim. Tərcüməyə balım çatmadı və müəllimliyə düşdüm. Tələbəlik illərində də aktiv olmuşam. Tələbə olarkən Gənclər və İdman Nazirliyində könüllü kimi işləyirdim. Universiteti bitirəndən sonra oteldə işləməyə başladım. Oteldə yüksək maaş alırdım, amma gördüm ki, bu mənim sahəm deyil. İmtahan verərək müəllim kimi işləməyə başladım. Uşaqlarla işləmək insana mənəvi zövq verir. Təkcə maddi tərəflə iş bitmir. Pul qazanmaqdan əlavə, sənəti sevmək lazımdır".


Xəbərə aid fotolar