Balıq alarkən nəyə diqqət edək?


Digərləri 21 Okt 2018 18:04:00 274 0

Balıq alarkən nəyə diqqət edək?

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.

Mağazalarda, bazarlarda, əsasən, diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş və qaxac edilmiş, həmçinin duzlu və konserv edilmiş balıq və digər dəniz məhsulları satılır. Bunların arasında keyfiyyətini dəyişmiş dəniz məhsullarının satılması istisna edilmədiyi üçün ekspertlər balıq alarkən diqqətli olmağı tövsiyə edirlər.

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı balıq satılan mağazalara baş çəkib, balıq bazarındakı real vəziyyətlə tanış olub, satıcıların fikirlərini öyrənib. 

Satıcı Nail Hacıyev bildirib ki, mağazada dondurulmuş, hisə verilmiş, duzlu və təzə balıq satılır: "3-4 ildir satıcı işləyirəm hələ ki, balıqdan zəhərlənmə şikayəti ilə müraciət edən olmayıb. Etiraf etmək lazımdır ki, bizim mağazaya müxtəlif firmalar məhsul gətirir. Məhsulu aldığımız zaman onun keyfiyyətinə diqqət yetiririk".

"Balığın yaxşı görünməsi, pis qoxu verməməsi onun keyfiyyətli olması üçün əsas deyil. Bəzən olur ki, dondurulmuş balıq alırıq. Alanda məhsul keyfiyyətli görünür. Ancaq donu açılan zaman qoxu verir və əti parçalanır. Yəni çox zaman biz özümüz də aldana bilirik. Belə olanda, həmin məhsulları geri qaytarırıq" - deyə satıcı əlavə edib.

Satıcı onu da vurğulayıb ki, soyudulmuş balıq gövdəsinin temperaturu əzələ toxumasının dərinliyində mənfi 1C-dən müsbət 5C-yə qədər olan balıqdır: "Turşu vari iyi və ya qəlsəmələri qaralmış, bədəni selikli olan soyudulmuş balığın satışı qadağandır. Biz özümüz də alanda buna diqqət edirik. Belə balıqları almırıq və satmırıq". 

Mağazalarda dondurulmuş balıq 7-20, hisə verilmiş balıq 8-16 manata satılır. Təzə balıqların qiyməti isə müxtəlifdir. Kütüm 8, xanı 5, sazan 7 manata təklif olunur. Satış yerlərinə görə balıqların qiymətlərində də müxtəlif fərqliliklər müşahidə edilir.

Nə qədər qəribə olsa da, satıcılar satdıqları balığın mənşəyini, haradan gətirildiyini, göl, çay və ya dəniz məhsulu olduğunu müəyyən edə bilmirlər. Bu da alıcıda istər-istəməz şübhə yaradır.

Qida eksperti Elsevər Fərzəliyev qeyd edir ki, balıq əti, ümumiyyətlə, insan orqanizmi üçün çox xeyirlidir. Amma qidalanmaq üçün yararsız balıqlar da var: "Balıq əti tez xarab olan qida məhsullarına aid edilir. O, normal rejimlərdə saxlanılmadığı zaman ətinin tərkibində toksin maddələri yarana və zəhərlənmə baş verə bilər".

E.Fərzəliyev bildirir ki, donmuş halda balıq ətində toksiki maddələr yarana bilməz: "Ovlanmış balıq düzgün rejimlərdə saxlanarsa, yenə də heç bir mənfi təsiri ola bilməz. Xaricdən gətirilən balıqlar zəhərlənmə verirsə, deməli, onlar düzgün saxlanmayıb. Həmçinin balıqların yaşadığı mühitdə zərərli, zəhərli birləşmələr olarsa, onlar bu haldan zəhərlənə bilərlər. Bu da insan orqanizminə mənfi təsir edə bilər".