Norveç hökuməti repressiyalara məruz qalmış qadınlardan üzr istəyib


Dünya 21 Okt 2018 00:45:00 246 0

Norveç hökuməti repressiyalara məruz qalmış qadınlardan üzr istəyib

Norveç hökuməti İkinci Dünya müharibəsi dövründə alman əsgərlərlə yaxın münasibətdə olmalarına görə repressiyalara məruz qalmış qadınlardan rəsmən üzr istəyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Krallığın baş naziri Erna Sulberq hökumətin bu üzrxahlığını Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinə həsr edilmiş tədbirdə səsləndirib.

Norveç hökumətinin başçısı bu insanları "nalayiq rəftarın qurbanları" adlandırıb. E.Sulberq deyib: "Bu gün mən hökumət adından üzr istəyirəm".

1940-cı ilin aprel ayında Almaniya Norveçi işğal edib, orada xidmət edən əsgərlər isə norveçli qadınlardan istifadə edərək arilər nəslini artırmalı idilər, çünki SS partiyasının rəhbəri Henrix Himmlerin fikrincə, onun arilər nəslini artırmaq məqsədi güdən "Lebensborn" ("Həyat mənbəyi") proqramında əsas yeri Norveç tuturdu.

Belə hesab edilir ki, həmin dövrdə təqribən 50.000 norveçli qadın alman əsgərlərlə əlaqədə olub, nəticədə 10-12 min uşaq dünyaya gəlib.