Səudiyyə Ərəbistanı silahı haradan alır?


Siyasət 20 Okt 2018 19:16:00 336 0

Səudiyyə Ərəbistanı silahı haradan alır?

Səudiyyəli jurnalist Camal Kaşıkçının yoxa çıxması sanksiyaların tətbiq oluna biləcəyi məsələsini aktuallaşdırıb.

ABŞ prezidenti Donald Trump xəbərdarlıq edib ki, bu hadisəyə görə Səudiyyə Ərəbistanı günahkar çıxarsa, "sərt cəza" tətbiq ediləcək.

Cənab Kaşıkçının taleyi barədə müxtəlif versiyalar müzakirə edilməkdədir. Türkiyə rəsmiləri hesab edirlər ki, o, Səudiyyənin İstanbuldakı konsulluğuna baş çəkəndə öldürülə bilərdi.

Səudiyyə Ərəbistanı itihamı rədd edir və istənilən sanksiyaya əks-cavab verəcəyini bildirib.

Səudiyyə və Britaniya arasında əlaqələrə nəzər salaq:

2017-ci ildə Britaniyadan Səudiyyə Ərəbistanına ümumi idxalın həcmi $5,51 milyarda bərabər olub, yəni son 10 il ərzində 120 faiz artıb. Səudiyyə Ərəbistanından Britaniyaya idxal $3,15 milyard olub (10 ilə ikiqat artım).

Beləliklə, Britaniya Səudiyyə ilə ticarətdə $2,36 milyardlıq müsbət saldoya malikdir.

Britaniya ixracatında əsas yeri maşınqayırma sənayesinin məhsulları, təyyarə, silah, nəqliyyat vasitələri tutur. O cümlədən, $367 milyon həcmində avtomobil ixrac olunub.

Səudiyyənin ixracının yarıdan çoxunu neft və neft məhsulları təşkil edir. İxracın həcminin qalan hissəsini maşınqayırma sənayesi məhsulları və elektrik avadanlığı, tibbi avadanlıq, fotoqrafiya və kinematoqrafiyaya aid avadanlıq təşkil edir.

Ötən il Britaniyanın neft idxalında Səudiyyənin payı 3 faiz olub.

Britaniyanın Səudiyyə Ərəbistanı neftindən asılılığı nəzərəçarpan olsa da, yadda saxlamaq lazımdır ki, Səudiyyəyə qarşı onun dünya bazarında mövqeyinə təsir göstərəcək hər hansı sanksiya dünyada neftin xeyli dərəcədə bahalaşması ilə nəticələnə bilər.

Xidmətlərin idxalı sahəsində də Səudiyyə Ərəbistanına qarşı Britaniya təxminən $1,97 milyardlıq müsbət saldoya malikdir: 2017-ci ildə Britaniyadan Səudiyyə Ərəbistanına $2,62 milyardlıq xidmətlər idxal olunub, əks istiqamətdə isə bu məbləğin dörddə biri qədər.

Bu sahədə səyahət xidmətləri hər iki istiqamətdə əsas yeri tutub, Britaniyanın xidmət ixracında maliyyə xidmətləri ikinci yeri tutub

Silah ticarəti

Səudiyyənin Yəmən münaqişəsində iştirakı fonunda bu ölkəyə silah ixracı ictimai müzakirələrin mövzusuna çevrilib.

Stockholm Beynılxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, Səudiyyə Ərəbistanının ən iri silah təchizatçıları siyahısında Britaniya ABŞ-dan sonra ikinci yeri tutur.

2012-2017 illərdə Səudiyyə Ərəbistanı əvvəlki 5 illik dövrlə müqayisədə idxal etdiyi silahın həcmini üçqat artırıb.

Qlobal ticarət

Səudiyyə Ərəbistanının ən iri idxal məhsulları təchizatçısı Çindir. Çindən sonra ABŞ gəlir. Britaniya bu siyahıda doqquzuncu yeri tutur. Səudiyyəyə idxalın həcmində əsas yeri maşınqayırma məhsulu, nəqliyyat vasitələri və tibbi preparatlar tutur.

Səudiyyədən isə əsasən neft və neft məhsulları ixrac edilir.

2016-ci ildə Səudiyyə xam neftinin üçdə ikisini Asiyaya ixrac edib.

Neft məhsulları ixracının 45 faizi Asiyaya, 40 faizi isə Avropaya göndərilib.

Səudiyyə Ərəbistanı ABŞ-ın Kanadadan sonra ikinci ən iri neft təchizatçısıdır.

Neftdən asılılıq böyük olduğuna görə Səudiyyə iqtisadiyyatının göstəriciləri geniş intervalda dəyişir.

Bu il BVF Səudiyyədə ÜDM-in $65 milyard və ya 8.4% artacağını proqnozlaşdırır.

Neft qiymətlərinin aşağı düşdüyü 2015-ci ildə isə Səudiyyənin iqtisadiyyatında ÜDM-in 8.7 faizini təşkil edən $56.7 milyard kəsir əmələ gəlmişdi.