Vəkillərə güzəştli tibbi xidmətlər göstəriləcək


Digərləri 20 Okt 2018 18:07:00 340 0

Vəkillərə güzəştli tibbi xidmətlər göstəriləcək

Vəkillər Kollegiyası ilə Mərkəzi Klinika, Xüsusi Müalicə Sağlamlıq Kompleksi və Gəncə Müalicə Diaqnostika Mərkəzi arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Vəkillər Kollegiyasından Son.az-a verilən məlumata görə, imzalanma mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov, Vəkillər Kollegiyasının üzvü Ramin Rzayev iştirak ediblər.

Qonaqları salamlayan Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov Mərkəzi Klinikanın Sağlamlıq qurumlarında (Ambulatoriya, Xəstəxana və Stomatologiya), eləcə də birgə fəaliyyət göstərdikləri Gəncə Müalicə Diaqnostika Mərkəzi və Xüsusi Müalicə Sağlamlıq Kompleksində göstərilən tibbi xidmətlər, Vəkillər Kollegiyasının üzvlərinə güzəştli xidmətlərin göstərilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb. Keçirilən görüşdə paytaxt və yaxını regionlarda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinə Bakı şəhərində yerləşən Sağlamlıq qurumlarında (Mərkəzi Klinika Ambulatoriya, Mərkəzi Klinika Xəstəxana, Mərkəzi Klinika Stomatologiya, Xüsusi Müalicə Sağlamlıq Kompleksi), Gəncə şəhəri və yaxını regionlarda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinə isə Gəncə şəhərində yerləşən müasir texnologiyalarla təchiz olunmuş Gəncə Müalicə Diaqnostika Mərkəzində müvafiq tibbi xidmətlərin göstərilməsi barədə müzakirələr aparılıb və müvafiq razılıq əldə olunub.