“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub


Digərləri 20 Okt 2018 12:36:00 283 0

“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub

SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa etdiyi "Star" neft emalı zavodu (NEZ) Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin "Resmi Gazete"də dərc olunan məlumatında bildirilir.

"İzmirin Əliağa bölgəsində istifadəyə verilən "Star" neft emalı zavodu Türkiyə Prezidentinin imzaladığı Qərarla ölkənin ilk Xüsusi Sənaye Zonası elan olunub. "SOCAR Turkey Enerji A.Ş."nin (STEAŞ) 2 milyard dollarlıq sərmayələrinin bürokratik maneələr olmadan reallaşması gözlənilir", - deyə sənəddə qeyd edilir.

Qeyd edək ki, oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimi olub.

Zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. "Star" NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod "Petkim" neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. "Star" neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.