Bexterev xəstəliyinin bəzi müalicə üsulları


Digərləri 19 Okt 2018 23:12:00 611 0

Bexterev xəstəliyinin bəzi müalicə üsulları

Bexterev xəstəliyi adı ilə tanınan xəstəlik əslində ankilozlaşdırıcı spondilit adlanır.

Ankilozlaşdırıcı spondilit-ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olur. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir. Oma və çanaq sümükləri arasında oma-qalça oynağı ankilozlaşdırıcı spondilitin başladığı yer sayılır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verərək bildirib ki, ağır və üzücü oynaq xəstəliyi olan spondilit zamanı oynaqların yumşaq toxumaları sərtləşir və proses çox güclü ağrılarla müşayiət olunur. Xəstələrin illərlə dərman müalicələri qəbul etməsinə baxmayaraq nəticə ürəkaçan olmur. Ağrıların şiddəti getdikcə artır və bunun nəticəsində ağrıkəsici preparatlar uzun müddət fasiləsiz qəbul edilir. Spondilitin ağır mərhələlərində fəqərəarası oynaqlar əyilir və hərəkətsizləşir.

Həkim xəstəliyin bir neçə təbii müalicə üsulu olduğunu söyləyib: "Həmin xəstəlikdən əziyyət çəkənlər, ilk növbədə, çox hərəkət etməli, əsasən də su idman növləri ilə məşğul olmalıdırlar. Xəstə oynaqlar gündə bir dəfə yarım saat ərzində təzə gicitkən yarpaqlarından düzəldilmiş süpürgə ilə döyəclənməlidir. Belə ki, gicitkənin tərkibindəki zəhərli maddələr oynaq nahiyəsini yandırır, bununla da həm qan dövranını sürətləndirir, həm də ağrılar azalır. Proseduru ildə 4 dəfə, hər dəfə 15 gün müddətində təkrarlamaq lazımdır.

Bundan əlavə hərəsindən 50 qram olmaqla cökə çiçəkləri və udi-hindi qarışdırılır. Qarışım gündə üç dəfə yeməkdən əvvəl 1 stəkan suda 1 çay qaşığı dəmlənərək içilir. Sonrakı müalicədə udi-hindi olduğu kimi qalır, cökə əvəzinə ballı nanə, sonra evkalipt, lavanda əlavə olunur və müalicə mütəmadi olaraq davam etdirilir.