Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır


Digərləri 19 Okt 2018 18:20:00 284 0

Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır

Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına əsasən tikinti məqsədləri üçün torpaq sahələri yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq rəy verəcək, habelə tikintiyə icazə icraatı çərçivəsində tikiləcək obyektlərin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayacaq.

Son.az xəbər verir ki, bu barədə AZƏRTAC-a komitənin aparat rəhbəri Anar Quliyev deyib.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı və digər şəhərlərin ərazisində ərazi planlaşdırılması sənədlərinin əvəzedicisi olan şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunacaq: "Göründüyü kimi, qanunvericilikdə aparılmış təkmilləşdirilmə ilə bağlı komitə tərəfindən hazırda məqsədyönlü tədbirlər həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na əsasən yerli icra hakimiyyətlərinin bu sahədə fəaliyyəti araşdırılır, tələb olunduğu hallarda icrası məcburi olan "Göstəriş"lər verilir".